Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kiçik gizir Elcan Namazovun məzarını ziyarət edib
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 103 ili tamam olur. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur.
103 illik tarixi yol keçmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşları özlərinin peşə bayramlarını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış Azərbaycanın, qalib ölkənin vətəndaşları olaraq qeyd edirlər.
Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də kiçik gizir Namazov Elcan Hidayət oğludur. Elcan Namaov da torpaqlarımızın müdafiəsi, sərhədlərimizin qorunması uğrunda canını fəda etməkdən bir an belə çəkinmədi. Vətəninə, sərhədçi peşəsinə olan sevgisi onu ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəltdi. Sərhədçilərin peşə bayramı günündə igid Vətən oğlunu yad etmək, xatirəsini əziz tutmaq bizim hər birimizin borcudur.
Fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, qazilərimizə, şəhidlərimizin ailələrinə daim qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəhrəman şəhidimizi bugünkü əlamətdar gündə yad etməyi də unutmayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Dövlət Sərhəd Xidməti "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri, polkovnik Bəhmən Babayev, sərhəd xidmətinin əməkdaşları və şəhidimizin ailə üzvləri ilə birlikdə Dəmirçilər kənd qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edib. Qəhrəman Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad olunub.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Elcan kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Elcanın təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb.
Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər kəs üçün nümunə olduğunu bildirib. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, vaxtilə sərhədçi kimi sərhədlərimizin keşiyində dayanmış, torpaqlarımız uğrunda canından keçmiş qəhrəman şəhidimizi sərhədçilərimizin peşə bayramında yad edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Bugünkü ziyarətin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib.
Şəhid atası Hidayət Namazov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin yad olunmasını Elcanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.
Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunaraq 14.10.2021-ci il tarixdə açılışı olub.
Rayon rəhbərliyi ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlunun məzarını da ziyarət ediblər.