Qazaxda icra başçısı Vətən müharibəsi şəhidinin qardaşını ailə həyatı qurması münasibətilə təbrik etdi
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı böyük Qələbədən illər ötsə belə hər zaman qürurla danışılacaq. Çünki tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması ilə 2020-ci il Zəfər salnaməsinin yazıldığı il kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq 2020-ci ili Qələbə ili kimi yaddaşlarına qızıl hərflərlə yazdılar. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıq, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.
Əsgər Allahverdiyev Sakit Şahin oğlu da Vətən müharibəsində uca bir məqama – Şəhidlik zirvəsinə yüksələn oğullarımızdandır. 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Sakit kimi oğullarımızla hər birimiz fəxr edirik.
Bu gün – noyabrın 28-də Sakit Allahverdiyevin ailəsində xoş gündür. Qəhrəman şəhidimizin ruhu şaddır. İgid Vətən oğlunun qardaşı İlkin Allahverdiyev ailə həyatı qurur. Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid qardaşının xoş günündə onun yanında olub. İcra aparatının məsul şəxsləri ilə birlikdə şəhidimizin anasına gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Şəhid qardaşının toyunda iştirak edənlərə razılığını ifadə edib. ”Hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Siz şəhid anaları, ataları, şəhidin həyat yoldaşları nə çəkirsə, onu hər birimiz yaxşı bilirik. Az da olsa dərdinizə şərik ola biliriksə, sizləri təsəlli edə biliriksə nə xoş bizim halımıza. Siz bizi öz ailənizin üzvü kimi qəbul edirsinizsə, biz sizə təşəkkür edirik. Şəhidimizin qardaşının toy xəbərini alanda öz övladım qədər xoş gününə sevindim. Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin qardaşının xoş günündə yanında olum”, - deyən icra başçısı şəhidimizin qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib, ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb.İcra başçısı bu gün qəhrəmanlıq simvolumuza çevrilən, ölümündən sonra bir orden, yeddi medalla təltif olunmuş Sakit kimi qəhrəmanımızla, şəhidlərimizlə nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu bildirib. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağını qeyd edib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu vurğulayıb. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Şəhid anası Vəfa Həsənova şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə Allahverdiyevlər ailəsi adından təşəkkür edib. Bugünkü gündə rayon rəhbərinin onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş “N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə adını əbədiləşdirən bulaq inşa olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.