Qazaxda icra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük Vətən savaşında qazandığımız tarixi Qələbə Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci il Azərbaycanın müstəqillik tarixində yeni şanlı səhifə açdı. 30 illik həsrətdən sonra düşmən tapdağından azad edilən torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa edən, xalqımıza böyük Qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə ömür boyu borclu və minnətdarıq.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi istər bayram günlərində, istərsə də adi günlərdə şəhidlərimizin məzarlarını ziyarət edir, əziz xatirələrini daim ehtiramla anır.
İyulun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə Vətən müharibəsində iştirak edən Fərəhli, Alpout və Ürkməzli kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.
İcra başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə, şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını qeyd edib.
“Nəinki dövlət məmuru, hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizin xatirəsini əziz tutsun, ailələrinə sahib çıxsın, qayğı göstərsin. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, şəhidlərimizin məzarlarını ziyarət edim”, - deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda, eləcə də digər günlərdə yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, xalqımızı qalib ölkənin vətəndaşı edən oğullarla fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.