Qazaxda icra başçısı Vətən müharibəsi şəhidlərinin təltif olunduqları ordenləri ailə üzvlərinə təqdim edib
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi illər ötsə belə hər zaman qürurla, iftixarla xatırlanacaq. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük savaş örnək və nümunə götürüləcək. O Vətən müharibəsi ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində 44 gündə Azərbaycanın igid, qəhrəman oğulları tarixi torpaqlarımızı işğaldan azad etməklə əsl qəhrəmanlıq dastanı yazdılar. Bu gün ölkə vətəndaşı olaraq hər birimiz tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdarıq.
44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq görüldülər.
44 günlük Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 191 orden və medallarla (onlardan 13-ü orden, 178-i medal) təltif olundu. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 592 orden və medallarla (onlardan 4-ü orden, 588-i medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib.
Avqustun 10-da Vətən müharibəsi şəhidləri - leytenant Yaqubov Mayis Rəhim oğlunun və tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun təltif olunduqları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri şəhidlərimizin ailələrinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri sahiblərinə çatdırıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin hər zaman bizim fəxr, qürur yerimiz olacağını, bugünkü qələbəmizi, qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə ömür boyu minnətdar olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev Mayis, Adil kimi qəhrəman oğullarımızın şücayəti sayəsində Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu söyləyib. Qanları ilə tarix yazaraq dastana dönən oğullarımızla gələcək nəsillərin daim qürur duyacağını vurğulayıb.
Övladlarının təltif olunduqları ordenləri qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də şərəfli, qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.