Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı yeni asfalt örtüyünün vurulması nəzərdə tutulan ərazilərə baxış keçirib

28 aprel 2025 | 21:14

Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində nəinki paytaxt Bakı, eləcə də bütün bölgələrdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunu son bir neçə ildə Qazaxda aparılan abadlıq işləri söyləməyə əsas verir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. 

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması söylədiklərimizin əyani sübutudur.

Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyünün vurulması nəzərdə tutulub. 

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və digər aidiyyəti şəxslərlə birlikdə sözügedən ərazilərdə olub, görülməsi nəzərdə tutulan işlərlə yerində maraqlanıb. Rayon rəhbəri həmçinin, Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri ilə də tanış olub. Hazırda səkiyə tamet döşəndiyi bildirilib.

Keçidlər