Qazaxda icra başçısı yeni lift quraşdırılacaq şəhərin Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında yaşayan sakinlərlə görüşüb
Son illər ölkəmizdə lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür. “Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Respublika Prezidenti İlham Əliyevin 2025-ci il 28 fevral tarixli Sərəncamı bunun bariz nümunəsidir. Sözügedən Sərəncamın Əlavəsində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahıda 7 şəhər üzrə 200 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Həmin liflərdən 2 ədədi Qazax şəhəri Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında quraşdırılacaq.
Martın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən çoxmənzilli yaşayış binasında yaşayan sakinlərlə görüşüb, ölkə başçısının müvafiq sərəncamını onların diqqətinə çatdırıb. Həmin sərəncama əsasən Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında köhnə liftlərin yerinə yeni liftlərin quraşdırılacağını bildirib.
Rayon rəhbəri ilə səmimi söhbət edən bina sakinləri ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər yaşadıqları binada olan liftlərin dəfələrlə rayon rəhbərliyi tərəfindən təmir olunsa da günün tələblərinə cavab vermədiyini, yenisi ilə əvəz edilməsinə böyük ehtiyac olduğunu vurğulayıblar. Dövlət başçısının lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncama əsasən qeyd edilən şəhərlər arasında Qazax rayonunun olmasını, yaşadıqları binanın liftlərinin yenisi ilə əvəz olunmasını ölkə Prezidentinin vətəndaşlara növbəti qayğısı kimi qiymətləndiriblər.