Qazaxda icra başçısının aprel ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Yuxarı Salahlı kəndində olub
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz real əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin aprel ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Yuxarı Salahlı kəndində olub.
Aprelin 17-də Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı bütün kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşlərdə qaldırılan məsələlərin müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri kənddə uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, Yuxarı Salahlı kəndində də kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən icra başçısı illər ötsə belə bu zəfərin heç vaxt unudulmayacağını bildirib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan icra başçısı gələcək nəsillərin həmin qəhrəmanlıqdan nümunə götürdüklərini söyləyib. Rayon rəhbəri Qazax rayonunun Yuxarı Salahlı kəndinin hər zaman qeyrətli oğulları ilə tanındığını, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğullarının torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi hər zaman gözə aldıqlarını, torpaqlarımızın ərazi bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndinin də şəhid verdiyini bildirib. Rayon rəhbəri Yuxarı Salahlı kəndinin igid oğullarının Aprel və İyul döyüşlərində, 44 günlük Vətən müharibəsində, antiterror tədbirlərində qəhrəmanlıq göstərdiklərini, bütün döyüşlərdə bu kəndin şəhid verdiyini bildirib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 11 nəfər, Aprel döyüşlərində 1 nəfər, İyul döyüşlərində 1 nəfər, Vətən müharibəsində 3 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 2 nəfərin, Vətən müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Yuxarı Salahlı kəndindən 88 nəfərin iştirak etdiyini, onlardan 41 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, 15 nəfərin döyüşlərdə yaralandığını qeyd edib. İcra başçısı 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlunun qəhrəmanlıq göstərərək adını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdiyini söyləyib. Rayon rəhbəri Qazaxda bütün şəhidlərimizin, Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlərin Yuxarı Salahlı kəndinin sakinləri, aktiv fəalları tərəfindən də örnək götürüldüyünü, bunun nəticəsidir ki, kənd fəalları və kənd bələdiyyəsi tərəfindən kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün bulaq-abidə kompleksinin inşa olunduğunu qeyd edib. Yuxarı Salahlı kəndinin girişində inşa edilən bulaq-abidə kompleksini şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü bildirib. Rayonda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Yuxarı Salahlı kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Yuxarı Salahlı kəndində əkin sahəsinin 1062,5 hektardan 1256,4 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Yuxarı Salahlı kəndində də xeyli işlər görüldüyünü bildirib. Son illər rayonun bütün kəndlərində olduğu kimi, Yuxarı Salahlı kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 7 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib.
Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının səsləndirdiyi kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması oldu. O tarixi günlərdən artıq 1 il ötür və xalqımız, qazaxlılar həmin qürur dolu anları bu gün də minnətdarlıqla qarşılayır. Bütün bu nailiyyətləri dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirir. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
İcra başçısı son illər rayonda aparılan abadlıq işlərinin bu gün də uğurla davam etdirildiyini, xüsusilə də nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Qazax rayonunda daha 4 küçəyə - şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə, həmçinin, rayonun Bala Cəfərli kəndində yeni asfalt örtüyünün döşəndiyini söyləyib. Şəhərdə görülməsi nəzərdə tutulan işlərdən söz açan icra başçısı hazırda şəhərin Nəriman Nərimanov yaşayış massivində və Əliağa Şıxlinski küçəsində abadlıq işlərinin aparıldığını qeyd edib, bu cür işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Şəhərin digər küçələrinə də asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. İcra başçısı sakinlərlə keçirilən görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də SİP kabelləşmənin aparılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini bildirib.
Kənd sakinlərindən Məhəmməd Vəkilov, Abdulla Məmmədov və başqaları çıxış edərək Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Xüsusilə də ötən il Yuxarı Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndirərək ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün Yuxarı Salahlı kəndində olan görüşü kənd sakinlərinə göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinləri narahat edən məsələlər dinlənilib, müvafiq olaraq cavablandırılıb.