Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının aprel ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun İkinci Şıxlı kəndində olub

22 aprel 2026 | 17:38

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını bütün sahələrdə görmək olur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının aprel ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü rayonun İkinci Şıxlı kəndində yaşayan sakinlərlə olub. 

Aprelin 22-də Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. İcra başçısı İkinci Şıxlı kəndində ötən illər ərzində ümumilikdə, 11 səyyar görüş keçirildiyini, həmin səyyar görüşlərdə 66 nəfər tərəfindən 46 məsələ qaldırıldığını, həmin məsələlərdən 7-nin təkrar olduğunu, 26-nın müsbət həllini tapdığını söyləyib. 13 məsələ ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını vurğulayıb. 5 məsələ ilə əlaqədar müvafiq izahat verildiyini diqqətə çatdırıb. Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərdən kənddə suvarma arxlarının beton üzlüyə alınmasının, sip kabelləşmənin davam etdirilməsinin, kənd yolunun asfaltlanmasının gündəmdə olduğunu, dövlət proqramında nəzərdə tutulduğunu söyləyib.

İcra başçısı Birinci Qarabağ müharibəsində İkinci Şıxlı kəndindən 8 nəfərin şəhid, 7 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 2 nəfərin Şəhidlik zirvəsinə ucaldığını, 2 nəfərin müharibə əlili olduğunu söyləyib.  44 günlük haqq savaşında İkinci Şıxlı kəndindən 65 nəfərin iştirak etdiyini, onlardan 51 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi, istərsə də digər döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacaqlarını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı İkinci Şıxlı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 548 hektardan 1616 hektara çatdırıldığını söyləyib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 56 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 6 nəfərin şəhid ailəsi, 7 nəfərin Vətən müharibəsi iştirakçısı, 43 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.

İcra başçısı bütün kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşdə qaldırılan məsələlərin müsbət həllini tapdığını qeyd edib. Ötən səyyar görüşlərdə səslənən məsələlərdən İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə təmir olunduğunu, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta ümumtəhsil məktəb üçün 220 şagird yerlik yeni inzibati binanın inşa edildiyini, yararsız vəziyyətdə olan elektrik dayaqlarının yerinə yeni metal dayaqların basdırıldığını, rabitə dayaqlarının və xəttinin yeniləndiyini, ümumilikdə kəndin sosial vəziyyəti ilə bağlı qaldırılan bir sıra məsələlərin müsbət həll olunduğunu söyləyib. Kənddə həlli vacib olan məsələlərdən danışan rayon rəhbəri kənddaxili yolların asfaltlanmasının, kənddə olan mövcud arxların beton üzlüyə alınmasının Dövlət Proqramına salındığını, kənddə olan digər 2 uşaq bağçasının təmiri üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb. Rayon rəhbəri Birinci Şıxlı, Yuxarı Salahlı kəndləri ilə yanaşı İkinci Şıxlı kəndində də kəndarası yolların asfaltlanması məsələsinin gündəmdə olduğunu və çəkilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. İcra başçısı kənddə yerləşən Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina tikildiyini vurğulayıb.

İcra başçısı Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına təşəkkür edib. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli kəndlərində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açan rayon rəhbəri bütün işləri razılıqla qarşılayıb. Kənddə yol kənarında yerləşən evlərin dam örtüyünün yenilənməsinə, fasadda aparılan işlərə, evlərin qarşısında, kənd qəbiristanlığının ətrafında yeni hasarların çəkilməsinə, eləcə də sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlığını bildirib.

 “Bu gün də siz vətəndaşları dinləməyə gəlmişik”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Birinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli, eləcə də İkinci Şıxlı kəndində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açan sakinlər bütün işləri razılıqla qarşılayıblar. Kənddə yol kənarında yerləşən evlərin dam örtüyünün yenilənməsinə, fasadda aparılan işlərə, yeni hasarların çəkilməsinə, kənd qəbiristanlığının kənarında hasarın çəkilməsinə görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Görüşdə vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səmimi söhbət əsasında keçən görüşdə sakinlərin müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.

Keçidlər