Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının aprel ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəddə yerləşən Məzəm kəndində olub

16 aprel 2026 | 18:01

Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin aprel ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəddə yerləşən Məzəm kəndində yaşayan sakinlərlə olub.

Aprelin 16-da Qazax rayon Məzəm kənd ibtidai məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından, ölkəmizdə həyata keçirilən dövlət proqramlarının icrasından danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri ötən illər ərzində Məzəm kəndində 6 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 24 nəfər vətəndaş tərəfindən 14 məsələ qaldırıldığını, həmin məsələlərdən 12-nin müsbət həllini tapdığını söyləyib. 1 məsələnin qanunamüvafiq cavablandırıldığını, 1 müraciətlə əlaqədar aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını vurğulayıb. İcra başçısı ötən müddət ərzində Məzəm kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını qeyd edib. İcra başçısı fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə, o cümlədən düşmənlə bir addımlıqda yaşayan qəhrəman Məzəm kəndində yaşayan sakinlərə daim qayğı ilə yanaşdığını, sakinlərin səsləndirdikləri hər bir məsələnin həlli istiqamətində lazımi addımların atıldığını qeyd edib. Kənddə su probleminin olduğunu vurğulayan rayon rəhbəri bu məsələnin daim gündəmdə olan bir məsələ olduğunu söyləyib. Qaymaqlı, Kəmərli, Aslanbəyli kəndlərində su ilə bağlı məsələnin köklü şəkildə müsbət həllini tapması üçün lazımi addımların atıldığını, Məzəm, Quşçu Ayrım kəndlərində də nəzərdə tutulduğunu qeyd edib.

İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Məzəm kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu, qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 6 nəfər şəhid verdiyini bildirib. Onlardan 1 nəfərin Mərifət Nəsibovun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü vurğulayıb. İcra başçısı 44 günlük Vətən müharibəsində Məzəm kəndindən 5 nəfərin iştirak etdiyini, onlardan 3 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda canlarından keçən şəhidlərin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 11 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 9 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən Süleyman Süleymanov, Cəbrayıl Osmanov, Sabir Məmmədov və başqaları onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. 

Səmimi söhbət əsasında keçən görüşdə vətəndaşların müraciətlərini dinləyən icra başçısı səslənən hər bir məsələnin diqqətdə saxlanılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini söyləyib. 

Keçidlər