Qazaxda icra başçısının avqust ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Kosalar kəndində olub
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə ön plana çəkilir. Ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin avqust ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Kosalar kəndində yaşayan sakinlərlə olub.
Avqustun 1-də Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyənin əsasında vətəndaş amilinin dayandığını qeyd edən icra başçısı bunu hər bir dövlət məmurunun öz fəaliyyətində nümunə götürməli olduğunu bildirib. Rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını söyləyib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığını qeyd edərək bugünkü görüşün də təməlində bu amilin dayandığını bir daha söyləyib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı Kosalar kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Kosalar kəndində əkin sahəsinin 731,5 hektardan 816,3 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Kosalar kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri 21 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib.
Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verərək əksər məsələlərin müsbət həll edildiyini söyləyib. Yol, məktəb, bağça, subartezian quyusu ilə bağlı məsələlərin aradan qaldırıldığını vurğulayıb. İcra başçısı ölkə rəhbərinin qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Kosalar yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi bildirib.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin olduğunu qeyd edib. Heydər Əliyev Fondu tərəfindən məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib.
İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan üçünün məhz Kosalar kəndində olduğunu bildirib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kosalar kəndində 76 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 3 nəfərin Vətən müharibəsi əlili, 18 nəfərin Vətən müharibəsi veteranı və iştirakçısı, 53 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib.
İcra başçısı bütün kəndlərimiz kimi, Kosalar kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 5 nəfər şəhid verdiyini bildirib. 3 nəfər Birinci Qarabağ müharibəsi, 3 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Kosalar kəndindən 91 nəfərin iştirak etdiyini, onlardan 72 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, döyüşlərdə isə 12 nəfərin yaralandığını söyləyib. Həmin müharibədə əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qazaxın 4 kəndinin geri qaytarılmasını dövlətimizin növbəti uğuru, qalibiyyəti, zəfəri kimi qiymətləndirib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, xüsusilə də qazaxlıların, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Kosalar kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib.
Kənd sakinlərindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm və başqaları onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini, son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son illər rayonda, eləcə də Kosalar kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Kənddə 3 uşaq bağçasının yüksək səviyyədə təmir olunmasını, yeni asfalt yolun çəkilməsini, məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, məktəbin həyətində güləş zalının tikilməsini, eləcə də aparılan bütün quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini vurğulayıblar. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə sipləşmə işlərinin aparılması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.