Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Daş Salahlı kəndində olub

22 fevral 2024 | 20:47

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında bir məqsəd dayanır ki, bu da vətəndaş amilidir.  Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsindən xəbər verir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Rayon rəhbərinin fevral ayı üzrə nəzərdə tutulan sonuncu səyyar görüşü Daş Salahlı kənd sakinləri ilə olub. Fevralın 22-də Qazax Rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri bu günə kimi keçirilən səyyar görüşlər zamanı səslənən müraciətlərin zamanla öz müsbət həllini tapdığını qeyd edib. Kənddə mərkəzi küçənin asfaltlanması, işıqlandırılması, su xəttinin çəkilişi, subartezian quyusunun qazılması, arxların təmizlənməsi, bankomatın qoyulması, bağçaların təmiri və digər bir sıra məsələlərin həll edildiyini vurğulayıb.

İcra başçısı Birinci Qarabağ müharibəsində 21 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər, 2022-ci ilin sentyabr hadisələrində 1 nəfər olmaqla, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda Daş Salahlı kəndinin 23 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Birinci Qarabağ müharibəsində 16 nəfərin, 44 günlük Vətən müharibəsində 2 nəfərin müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. 44 günlük Vətən müharibəsində Daş Salahlı kəndindən 162 nəfərin iştirak etdiyini, onlardan 147 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Daş Salahlı yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Daş Salahlı kəndində əkin sahəsinin artdığını, 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 1980,8 hektardan 2497,0 hektara çatdırıldığını söyləyib. 

Rayon rəhbəri Daş Salahlı kəndində sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Abbasbəyli kəndində yerləşən Coğazçay su anbarından Daş Salahlı kəndinə gələn köhnə dəmir borular istismar müddətini başa vurduğu üçün kənd əhalisinin məişət suyu ilə təminatında müəyyən çətinliklər yaratdığını, bu səbəbdən Daş Salahlı Bələdiyyəsi tərəfindən sözügedən dəmir boruların yeni polietlin borularla əvəzləndiyini, köhnə dəmir boruların əvəzinə diametri 315 mm olan 500 paqonmetr uzunluğunda yeni polietilen borular çəkildiyini, kənddəki su anbarının qısa zamanda dolduğunu qeyd edib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 9 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Daş Salahlı kəndində xeyli işlər görüldüyünü bildirib. Arxların beton üzlüyə alınması ilə bağlı aidiyyəti qurumlara məktub ünvanladığını söyləyib. Bundan əlavə, bu il də suvarma arx və kanallarının təmizlənməsinin, mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyindən söz açıb. Mövcud arx və kanallarda təmizlik işlərinin aparılması ilə əlaqədar kənd sakinlərinin maarifləndirilməsinin, onların  təmizlik işlərinin aparılması zamanı fəal iştirak etmələrinin vacibliyini qeyd edib. 

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bariz nümunəsidir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü çatdırıb.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 61 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsinin üzvü, 20 nəfərin Vətən müharibəsi iştirakçısı və əlili, 40 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. İcra başçısı Azərbaycanda dini radikalizmə qarşı mübarizənin həm dövlətin, həm də xalqımızın qarşısında duran ən vacib vəzifələrdən biri olduğunu söyləyib. Dini radikalizmlə mübarizə işinin təşkilində əsas məsələlərdən birinin maarifləndirmə işi olduğunu vurğulayıb. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəronline MB” LTD və “Citynet” şirkətləri tərəfindən fiber-optik internet xəttinin çəkildiyini və sakinlərin sürətli internetlə təmin olunduğunu, bu istiqamətdə işləin uğurla davam etdirildiyini bildirib.

Kənd sakinlərindən Fərhad Qocamanov, Tofiq Cəfərli və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüblər. 7 fevralda qalib Azərbaycan xalqının qalib liderini yenidən seçərək ölkəmizin parlaq gələcəyi, işıqlı sabahı, davamlı inkişafı naminə növbəti uğurlu qələbəyə imza atdıqlarını vurğulayıblar. Çıxış edənlər onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də Daş Salahlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə suvarma suyunun yaxşılaşdırılması məqsədilə 20 km uzunluğunda təsərrüfatdaxili arxların beton üzlüyə alınması, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin çıxış hissəsində  avtomobil yoluna tramplin qoyulması, əkin sahəsinə gedən suvarma arxının texnika ilə təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı müraciətləri dinlənilib. Səslənən məsələlərin nəzarətə götürüləcəyi, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı qeyd edilib.

Keçidlər