Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü şəhər sakinləri ilə olub
Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə hər zaman öz əksini tapır.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin fevral ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Qazax şəhəri Aslan Kəmərli, Nəsrəddin Tusi və ətraf küçələrdə yaşayan sakinlərlə olub.
Fevralın 25-də Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğulayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
İcra başçısı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bununla bağlı Tədbirlər Planının təsdiq olunduğunu vurğulayıb. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Rayon rəhbəri istər Konstitusiyamızın təkmilləşdirilməsində, istərsə də ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasında Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri olduğunu söyləyib. İcra başçısı bildirib ki, Konstitusiyamızda Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir ki, bu, bu gün tam reallığa çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə qazanılmış və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
İcra başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində respublikamızın bölgələrində, o cümlədən də Qazax rayonunda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Rayonda həyata keçirilən quruculuq işlərindən söz açan icra başçısı xüsusilə ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparıldığını qeyd edib. Şəhərin Aslan Kəmərli və Nəsrəddin Tusi küçələrinin də abadlaşan küçələr sırasında olduğunu, həmin küçələrə yeni asfalt örtüyünün çəkildiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, SİP kabelləşmə işinin və müasir internet xəttinin çəkildiyini, bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhərin digər küçələrində asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib. İcra başçısı son illər rayonda aparılan abadlıq işlərinin bu gün də uğurla davam etdirildiyini, xüsusilə də nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Qazax rayonunda daha 4 küçəyə - şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə, həmçinin, rayonun Bala Cəfərli kəndində yeni asfalt örtüyünün döşəndiyini söyləyib. Şəhərdə görülməsi nəzərdə tutulan işlərdən söz açan icra başçısı hazırda şəhərin Nəriman Nərimanov yaşayış massivində abadlıq işlərinin aparıldığını qeyd edib, bu cür işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Abadlaşdırılması nəzərdə tutulan küçələrdən birinin də məhz Əliağa Şıxlinski küçəsinin, eləcə də ətraf küçələrin olduğunu diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. Rayon rəhbəri ölkəmizdə dini radikalizmə qarşı mübarizə sahəsində həyata keçirilən işlərdən də söz açıb. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını, həmin siyasətin isə bu gün Prezident İlham Əliyev tərəfindən olduğu kimi davam etdirildiyini qeyd edib.
Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları Aslan Kəmərli və Nəsrəddin Tusi küçələrində aparılan abadlıq işlərinin əyani şahidi olduqlarını qeyd ediblər. Bunun bariz nümunəsi olaraq yaşadıqları küçələrin asfaltlanmasını, işıqlandırılmasını göstəriblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların N.Tusi küçəsində avtomobil yoluna trampilinlərin qoyulması, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə elektrik dirəyindəki xətlərin səliqəyə salınması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Rayon rəhbəri səslənən məsələlərin nəzarətə götürüləcəyi, həlli istiqamətində lazımi addımlar atılacağını qeyd edib.