Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Bala Çaylı kənd sakinləri ilə olub

02 fevral 2023 | 19:39

Prezident İlham Əliyev tərəfindən icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir məqsədə xidmət edir ki, bunun kökündə vətəndaş amili dayanır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından şəhər və kəndlərdə keçirilən səyyar qəbulların yenidən bərpa olunması da bir daha onu deməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının fevral ayı üzrə vətəndaşlarla keçirilən səyyar görüşü Bala Çaylı kənd sakinləri ilə olub. 

Fevral ayının 2-də Bala Çaylı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, növbəti dəfə kənddə keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Mirzəyev Arif Məhəmməd oğlu 3 km uzunluğunda kənddaxili yolların asfaltlanması və Rəhimova Günay Zərqəm qızı kənddə uşaq bağçasının açılması ilə bağlı müraciət ediblər. Rayon rəhbəri səslənən məsələlərin diqqətdə saxlanılacağını, həssaslıqla yanaşılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini bildirib.

Keçidlər