Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının iyul ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Xanlıqlar kəndində olub

18 iyul 2024 | 21:07

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir ki, bu, bütün işlərdə, həyata keçirilən layihələrdə, atılan addımlarda öz real əksini tapır. Ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin iyul ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Xanlıqlar kəndində yaşayan sakinlərlə olub.

İyulun 18-də Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyənin əsasında vətəndaş amilinin dayandığını söyləyən icra başçısı bunu hər bir dövlət məmurunun öz fəaliyyətində nümunə götürməli olduğunu qeyd edib. Rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərdən kənddə suvarma arxlarının beton üzlüyə alınmasının, sip kabelləşmənin davam etdirilməsinin, kənd yolunun asfaltlanmasının gündəmdə olduğunu, dövlət proqramında nəzərdə tutulduğunu söyləyib.

2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Xanlıqlar kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu, qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 12 nəfər, 44 günlük Vətən müharibəsində 7 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 12 nəfərin, Vətən müharibəsində 3 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Xanlıqlar kəndindən 67 nəfərin iştirak etdiyini, onlardan 33 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, döyüş zamanı 17 nəfərin yaralandığını söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə canlarını Vətən yolunda fəda edən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qazaxın 4 kəndinin geri qaytarılmasını dövlətimizin növbəti uğuru kimi qiymətləndirib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.

Rayon rəhbəri iyunun 20-də güclü küləkli hava şəraiti və yağan yağışların respublikamızın qərb bölgəsində, o cümlədən Qazax rayonunda ciddi fəsadlar törətdiyini qeyd edib. Rayon rəhbəri Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının və sərhədçilərimizin hər zaman olduğu kimi, təbii fəlakət zamanı fəsadların aradan qaldırılmasında öz köməklərini əsirgəmədiklərini söyləyərək bir daha onlara minnətdarlığını bildirib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 59 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 7 nəfərin şəhid ailəsi, 4 nəfərin Vətən müharibəsi əlili, 8 nəfərin müharibə veteranı, 40 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən icra başçısı bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Xanlıqlar kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də kənddə “Azəronline” və “Metronet” şirkəti tərəfindən fiber optik internet xəttinin çəkildiyini, abunəçilərin yüksək sürətli internet xəttinə qoşulduğunu qeyd edib.

"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən rayon rəhbəri sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd sakinlərindən Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlığını bildirib.

Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova və başqaları onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Xanlıqlar kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Kənddəki bağçanın təmir olunmasına, məktəbin istilik sisteminin yenidən qurulmasına, məktəbin qarşısından keçən yolun asfaltlanmasına görə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən 9 km hissəsinin əsaslı təmiri ilə bağlı müraciətləri dinlənilərək səslənən məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında bir daha məsələ qaldırılacağı bildirilib.

Keçidlər