Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının iyun ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Orta Salahlı kəndində olub

04 iyun 2026 | 21:34

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsindən xəbər verir.

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədi daşıyır.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cI ilin iyun ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Orta Salahlı kəndində olub.

İyunun 4-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra başçısı ümumilikdə, ötən illər ərzində Orta Salahlı kəndində 8 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 36 nəfər vətəndaş tərəfindən 28 məsələ qaldırıldığını, onlardan 10 məsələnin təkrar olduğunu, həmin məsələlərdən 14-nün müsbət həllini tapdığını söyləyib. 4 məsələ ilə əlaqədar qanunamüvafiq izahat verildiyini vurğulayıb.

İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Orta Salahlı kəndidir. İcra başçısı bu məsələnin daim gündəmdə olduğunu diqqətə çatdırıb. Məktəb binasının inşasının Dövlət Proqramında nəzərdə tutulduğunu, bağçanın açılması və digər məsələlərlə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib.

İcra başçısı bütün kəndlərimiz kimi, Orta Salahlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 3 nəfər Birinci Qarabağ müharibəsi, 5 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Orta Salahlı kəndindən 55 nəfərin iştirak etdiyini, onlardan 24 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  

İcra başçısı sakinlərlə olan görüşdə qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan invaziv zərərverici olduğunu qeyd edərək vətəndaşların bu zərərvericiyə qarşı maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Fermerlərin, sahibkarların, təsərrüfatla məşğul olan kənd sakinlərinin maarifləndirilməsinin və vaxtında tədbir görülməsinin məhsul itkilərinin qarşısının alınmasında əsas rol oynadığını qeyd edib. İcra başçısı əhali arasında monitorinq və təbliğat işləri barədə ətraflı məlumat verib, hazırda zərərvericinin qışlama mərhələsindən çıxdığını nəzərə alaraq, onun aşkar olunması və məhv edilməsi istiqamətində görüləcək işləri qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Sakinlərə qəhvəyi mərmər bağacığı ilə mübarizədə həmrəylik nümayiş etdirmələrini, aşkar olunduğu zaman dərhal aidiyyəti qurumlara məlumat vermələrini tövsiyə edib. Rayon rəhbəri qarşıdantaxıl biçinin gəldiyini, biçin zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, bu istiqamətdə hazırlıq işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Nəbi Babacanov və başqaları onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən də Orta Salahlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildirib. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlığını bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə 270 şagird yerlik Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbin əsaslı təmiri və ya yenidən qurulması, Orta Salahlı kəndində yeni uşaq bağçasının açılması, Orta Salahlı kəndi ərazisində bulaqlarda suyun mexaniki çirklərdən təmizlənməsi və qoxunun aradan qaldırılması məqsədilə əsas içməli su xəttinə filtrin quraşdırılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələlərə həssaslıqla yanaşılacağını bildirib. Məktəb binasının inşasının Dövlət Proqramında nəzərdə tutulduğunu və aidiyyəti qurum qarşısında məsələ qaldırıldığını qeyd edib. Uşaq bağçasının açılması ilə müraciətlə əlaqədar aidiyyəti üzrə məktub ünvanlandığını diqqətə çatdırıb.

Keçidlər