Qazaxda icra başçısının mart ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində olub
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bunu bütün sahələrdə görmək olur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin mart ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində yaşayan sakinlərlə olub.
Martın 6-da Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbdə keçirilən səyyar görüşdə icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, görüşdə iştrak edən qadınları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Müqəddəs Ramazan və qarşıdan gələn Novruz bayramı münasibətilə xoş arzularını, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. Rayon rəhbəri ötən illər ərzində Aşağı Salahlı kəndində 14 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 57 nəfər vətəndaş tərəfindən 47 məsələ qaldırıldığını, 17 məsələnin təkrar olduğunu, 25 məsələnin müsbət həllini tapdığını söyləyib. 7 məsələ qanunamüvafiq cavablandırılıb, 15 müraciətlə əlaqədar aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını vurğulayıb. Rayon rəhbəri ötən illər ərzində Aşağı Salahlı kəndində keçirilən səyyar görüşlər zamanı səsləndirilən bütün müraciətlərə həssaslıqla yanaşıldığını, həlli istiqamətində lazımi addımlar atıldığını bildirib. Kənddə sip kabelləşmə işlərinin davam etdirilməsi, suvarma arx və kanalların beton üzlüyə alınması, Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Kənddə həkim məntəqəsinin inşası ilə bağlı müraciətin icrası istiqamətində lazımi addımlar atıldığını, kənddə modul tipli məntəqənin inşasının nəzərdə tutulduğunu söyləyib.
Rayon rəhbəri Aşağı Salahlı kəndindən Birinci Qarabağ müharibəsində 6 nəfərin torpaqlarımızın azadlığı uğrunda canından keçdiyini, 1 nəfərin öz sağlamlığını qurban verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə şanlı zəfərlə başa çatan Vətən müharibəsindən 5 il vaxt keçməsinə baxmayaraq xalqımızın həmin qələbəni bu gün də qürurla xatırladığını qeyd edib. Həmin müharibədə qanları ilə şanlı tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda Aşağı Salahlı kəndindən 1 nəfərin sağlamlığını itirdiyini bildirib. 44 günlük Vətən müharibəsində Aşağı Salahlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 26 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi, istərsə də digər döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacaqlarını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı 2016-cı ildən bu yana Aşağı Salahlı kəndində əkin sahəsinin artdığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Aşağı Salahlı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 13 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Aşağı Salahlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.
İcra başçısı sakinlərlə olan görüşdə qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan invaziv zərərverici olduğunu qeyd edərək vətəndaşların bu zərərvericiyə qarşı maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Fermerlərin, sahibkarların, təsərrüfatla məşğul olan kənd sakinlərinin maarifləndirilməsinin və vaxtında tədbir görülməsinin məhsul itkilərinin qarşısının alınmasında əsas rol oynadığını qeyd edib. İcra başçısı əhali arasında monitorinq və təbliğat işləri barədə ətraflı məlumat verib, hazırda zərərvericinin qışlama mərhələsində olduğunu nəzərə alaraq, onun aşkar olunması və məhv edilməsi istiqamətində görüləcək işləri qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Sakinlərə qəhvəyi mərmər bağacığı ilə mübarizədə həmrəylik nümayiş etdirmələrini, aşkar olunduğu zaman dərhal aidiyyəti qurumlara məlumat vermələrini tövsiyə edib.
Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Bu il 5 mart tarixinin təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazıldığını söyləyib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin keçirildiyini, Qazaxın idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldığını, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotunun ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb.
İcra başçısı rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda bu sahədə görülən işlərin Qazaxda yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görülür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir.
Kənd sakinləri çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Görüşdə vətəndaşların Aşağı Salahlı kəndi ərazisində Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin davam etdirilməsi, Aşağı Salahlı kəndinə elektrik mantyorunun təyin edilməsinə köməklik göstərilməsi, Aşağı Salahlı kənd tibb məntəqəsinin tikintisi ilə bağlı müraciətləri dinlənilərək qaldırılan məsələlərə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti qurumlar qarşısında bir daha məsələ qaldırılacağı bildirilib.







