Qazaxda icra başçısının mart ayında sonuncu səyyar görüşü Qaymaqlı kənd sakinləri ilə olub
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə aydın şəkildə görmək olur.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin mart ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü rayonun Qaymaqlı kəndində yaşayan sakinlərlə olub.
Martın 13-də Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq müqəddəs Ramazan ayının başlanması və milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğulayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
Vətən yolunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edən icra başçısı bütün kəndlərimizdən olduğu kimi, Qaymaqlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 6 nəfər şəhid verdiyini, Birinci Qarabağ müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. İcra başçısı 44 günlük Vətən müharibəsində könüllü döyüşə qatılan, Vətən yolunda Şəhidlik zirvəsinə ucalan Qaymaqlı kəndinin igid oğlu əsgər Nəsibov Asəf Səfəralı oğlu ilə bu gün hər kəsin qürur duyduğunu söyləyib. Rayon rəhbəri istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının səsləndirdiyi kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 17 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin şəhid ailəsi, 14 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qaymaqlı kəndində SİP kabelləşmə işinin aparılacağını, həmçinin, kənddə fiber optik internet xəttinin çəkildiyini qeyd edib.
Rayon rəhbəri çıxışı zamanı ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün yeni layihə icra olunduğunu qeyd edib. Sözügedən layihənin vətəndaşların məmnunluğu üçün onların istədikləri kimi icra olunacağını söyləyib.
Ötən müddət ərzində Qaymaqlı kəndində sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Kənddə məktəb tikintisi ilə bağlı məsələnin artıq müsbət həll edildiyini vurğulayıb. Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin aparıldığını qeyd edib. İcra başçısı Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsini Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirib. Kənddə bağçanın açılması ilə bağlı müraciətlə əlaqədar aidiyyəti qurumlara məktub ünvanlandığını, məsələnin gündəmdə olduğunu qeyd edib.
Kənd sakinlərindən Kazım Kazımlı və başqaları onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qaymaqlı kəndində görülən işlərə - yeni məktəb binasının inşa olunmasına, tibb məntəqəsinin təmir edilməsinə, yem məntəqəsinin tikilməsinə, içməli su çəkilişinə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin onlara məxsus pay torpaqlarının sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələyə həssaslıqla yanaşılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.