Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının mart ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Daş Salahlı kəndində olub

02 mart 2023 | 18:20

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsindən xəbər verir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən ötən ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu amala xidmət edir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Mart ayı üzrə nəzərdə tutulan ilk səyyar görüş Daş Salahlı kənd sakinləri ilə olub. Martın 2-də Qazax Rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibətilə xoş sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri bu günə kimi Daş Salahlı kəndində 12 səyyar görüşün keçirildiyini söyləyib. Həmin səyyar görüşlər zamanı səslənən müraciətlərin zamanla öz müsbət həllini tapdığını qeyd edib. Kənddə mərkəzi küçənin işıqlandırılması, su xəttinin çəkilişi, subartezian quyusunun qazılması, arxların təmizlənməsi, bankomatın qoyulması və bir sıra məsələlərin həll edildiyini vurğulayıb.

Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Daş Salahlı yolunun olmasını, bundan əlavə, kənddə 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının inşa olunmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib.

İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan ikisinin məhz Daş Salahlı kəndində olduğunu söyləyib. Təmirə ehtiyacı olan digər 1 bağçanın təmiri ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını bildirib.

İcra başçısı Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, digər vaxtlarda və sentyabr hadisələrində torpaqlarımızın azadlığı uğrunda Daş Salahlı kəndinin 23 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Birinci Qarabağ müharibəsində 16 nəfərin müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da igid Vətən oğullarının Şəhidlik zirvəsinə ucaldığını, onlardan bir nəfərinin Daş Salahlı kəndindən olduğunu bildirib. 44 günlük Vətən müharibəsində Daş Salahlı kəndindən 162 nəfərin iştirak etdiyini, onlardan 147 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Daş Salahlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 1980 hektardan 2400 hektara çatdırıldığını söyləyib. 

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bariz nümunəsidir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü çatdırıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, eləcə də optik internet xəttinin çəkiləcəyini bildirib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib və həll edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib. 

Keçidlər