Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının may ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Daş Salahlı kəndində olub

21 may 2026 | 19:25

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Qazaxda icra başçısının 2026-cı ilin may ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Daş Salahlı kənd sakinləri ilə olub. 

Mayın 21-də Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq yeni il münasibətilə səmimi ürək sözlərini çatdırıb. “Ölkə başçısının söylədiyi kimi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra başçısı ümumilikdə, ötən illər ərzində Daş Salahlı kəndində 14 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 65 nəfər vətəndaş tərəfindən 54 məsələ qaldırıldığını, onlardan 10 məsələnin təkrar olduğunu, həmin məsələlərdən 34-nün müsbət həllini tapdığını söyləyib. 1 məsələnin dövlət proqramına salındığını, 3 məsələ ilə əlaqədar qanunamüvafiq izahat verildiyini, 16 müraciətlə bağlı aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını vurğulayıb. Rayon rəhbəri bu günə kimi keçirilən səyyar görüşlər zamanı səslənən müraciətlərin zamanla öz müsbət həllini tapdığını qeyd edib. Kənddə 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının təmiri, mərkəzi küçənin işıqlandırılması, su xəttinin çəkilişi, subartezian quyusunun qazılması, arxların təmizlənməsi, bankomatın qoyulması, Şəhidlər xiyabanının təmiri və bir sıra məsələlərin həll edildiyini vurğulayıb.

İcra başçısı Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, digər vaxtlarda və 2022-ci ilin sentyabr hadisələrində torpaqlarımızın azadlığı uğrunda Daş Salahlı kəndinin 23 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Birinci Qarabağ müharibəsində 16 nəfərin, 44 günlük Vətən müharibəsində 2 nəfərin müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da igid Vətən oğullarının Şəhidlik zirvəsinə ucaldığını, onlardan bir nəfərinin Daş Salahlı kəndindən olduğunu bildirib. 44 günlük Vətən müharibəsində Daş Salahlı kəndindən 162 nəfərin iştirak etdiyini, onlardan 147 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Daş Salahlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 1980 hektardan 2423 hektara çatdırıldığını söyləyib. 

Rayon rəhbəri Daş Salahlı kəndində sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Abbasbəyli kəndində yerləşən Coğazçay su anbarından Daş Salahlı kəndinə gələn köhnə dəmir borular istismar müddətini başa vurduğu üçün kənd əhalisinin məişət suyu ilə təminatında müəyyən çətinliklər yaratdığını, bu səbəbdən Daş Salahlı Bələdiyyəsi tərəfindən sözügedən dəmir boruların yeni polietlin borularla əvəzləndiyini, köhnə dəmir boruların əvəzinə diametri 315 mm olan 500 paqonmetr uzunluğunda yeni polietilen borular çəkildiyini, kənddəki su anbarının qısa zamanda dolduğunu qeyd edib. Kənddə əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə 10 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib. Rayon rəhbəri bu kənddə də növbəlilik cədvəlinin tərtib olunduğunu, arxlarda təmizlik işlərinin aparıldığını diqqətə çatdırıb.

İcra başçısı sakinlərlə olan görüşdə qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan invaziv zərərverici olduğunu qeyd edərək vətəndaşların bu zərərvericiyə qarşı maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Fermerlərin, sahibkarların, təsərrüfatla məşğul olan kənd sakinlərinin maarifləndirilməsinin və vaxtında tədbir görülməsinin məhsul itkilərinin qarşısının alınmasında əsas rol oynadığını qeyd edib. İcra başçısı əhali arasında monitorinq və təbliğat işləri barədə ətraflı məlumat verib, hazırda zərərvericinin qışlama mərhələsindən çıxdığını nəzərə alaraq, onun aşkar olunması və məhv edilməsi istiqamətində görüləcək işləri qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Sakinlərə qəhvəyi mərmər bağacığı ilə mübarizədə həmrəylik nümayiş etdirmələrini, aşkar olunduğu zaman dərhal aidiyyəti qurumlara məlumat vermələrini tövsiyə edib. Rayon rəhbəri qarşıdantaxıl biçinin gəldiyini, biçin zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, bu istiqamətdə hazırlıq işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, eləcə də optik internet xəttinin çəkildiyini bildirib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 98 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 26 nəfərin Vətən müharibəsi əlili, iştirakçısı və ailə üzvü, 71 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib. 

İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də Daş Salahlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Daş Salahlı kəndinin Səməd Vurğun küçəsində yaşayan sakinlərin həyətyanı sahələrinin suvarılması üçün su kanalından ayrılan su qacının texnika vasitəsilə təmizlənməsi, Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının təmiri və ya yeni binanın tikintisi və s. bağlı müraciətləri dinlənilib, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, həll edilməsi istiqamətində lazımi addımlar atılacağı, aidiyyəti qurumlar qarşısında bir daha məsələ qaldırılacağı bildirilib.

Keçidlər