Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının may ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü Qazax şəhər sakinləri ilə olub

19 may 2025 | 23:58

Cənab Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin may ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü şəhərin Bakı küçəsində 1,2,2A saylı binalarda yaşayan sakinlərlə olub.

Mayın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Elvin Azadəliyevin və rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, bina sakinlərinin, eləcə də digər şəhər sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Ölkə başçısının verdiyi tapşırıq və tövsiyənin arxasında vətəndaş məmnunluğu dayanır. Bu, o deməkdir ki, məmur və xalq bir yerdə olsun. Ən əsası da ölkə Prezidenti vətəndaşa səmimi münasibət göstərirsə, bu, hər bir dövlət məmuruna nümunədir”, - deyən icra başçısı bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Rayon rəhbəri bugünkü görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşının iştirak etməsini, sakinlərin müraciətlərini dinləməsini dövlətin, ölkə başçısının vətəndaşlara olan növbəti qayğısı kimi qiymətləndirib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

İcra başçısı Bakı küçəsində 1,2,2A saylı binalarda məcburi köçkün ailələrinin də yaşadığını qeyd edərək Qazaxın 4 kəndinin geri qaytarılmasından 1 il ötdüyünü söyləyib, bu münasibətlə bir daha onları təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandan xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdı”, - deyə qeyd edən icra başçısı 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti uğuru, zəfəri kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri görüşdə sakinlərə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində, 2023-cü ilin antiterror tədbirləri zamanı əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Bu gün həmin qəhrəman oğulların sayəsində doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda üçrəngli bayrağımızın dalğalandığını söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  

Son illər şəhərdə görülmüş işlərdən danışan icra başçısı Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binalarında, o cümlədən Bakı küçəsində yerləşən 1,2,2A saylı binalarda aparılan abadlıq işlərini vurğulayıb. Hər üç binanın dam örtüyünün, fasad və bloklarının əsaslı təmir olunduğunu, həyətlərinə yeni asfalt örtüyünün vurulduğunu bildirib. Bundan əlavə, Bakı küçəsi 1 saylı binanın həyətində xeyir-şər evinin tikildiyini söyləyib.

Rayon rəhbəri son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da  genişmiqyaslı abadlıq işlərinin aparıldığını, şəhər və rayonun kəndlərində məktəb binalarının əsaslı təmir olunduğunu və ya yenidən inşa edildiyini qeyd edib. Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Şəhərdə müasir standartlara cavab verən mərkəzi xəstəxana binasının inşa olunduğunu, bu gün həmin xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün lazımi addımların atıldığını, yeni gənc həkimlərin cəlb olunması istiqamətində işlər görüldüyünü vurğulayıb.  

İcra başçısı son illər şəhərdə, eləcə də rayonun kəndlərində yeni məktəblərin inşa olunması və əsaslı təmiri sahəsində görülmüş işlərdən də söz açıb. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Rayon rəhbəri Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəb üçün də yeni inzibati binanın inşasının nəzərdə tutulduğunu söyləyib. İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi, bu gün Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə, ADA Universitetinin rektoruna təşəkkürünü çatdırıb.

İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin müasir tələblərə cavab verən səviyyədə olduğunu, həmin bağçalardan altısının şəhərdə yerləşdiyini vurğulayıb.

Son illər ölkəmizdə lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlərin görüldüyünü qeyd edən icra başçısı “Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Respublika Prezidenti İlham Əliyevin 2025-ci il 28 fevral tarixli Sərəncamını bunun bariz nümunəsi olaraq göstərib. Sözügedən Sərəncamın Əlavəsində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahıda 7 şəhər üzrə 200 ədəd liftin quraşdırılması nəzərdə tutulduğunu, həmin liflərdən 2 ədədinin Qazax şəhəri Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında quraşdırılacağını bildirib. 

İcra başçısı Qazaxda aparılan abadlıq işlərinin bu il də uğurla davam etdirildiyini, şəhərdə və rayonun kəndlərində nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşəndiyini, şəhərin Nəriman Nərimanov yaşayış massivində, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparıldığını, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin həyata keçirildiyini, Aslan Kəmərli küçəsində yeni səkilərin salındığını, şəhərin Heydər Əliyev prospektində müasir işıqlandırma sisteminin quraşdırıldığını, səkilərin kənarına məhəcərlərin vurulduğunu bildirib.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.

İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

İcra başçısı Respublika Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndində qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması, 10.12.4-cü bəndində sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin həyata keçirilməsinin əksini tapdığını qeyd edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. İcra başçısı Dövlət Proqramında əksini tapan bəndlərdə qeyd edilən qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Rayon rəhbəri ilk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulunun seçilməli, istifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməli olduğunu bildirib. Xüsusilə istifadə edilən ərzaqların, məshulların istifadə müddətinə, saxlanma şəraitinə diqqət yetirilməli olduğunu vurğulayıb. Rayon rəhbəri son illər Qazaxda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülmüş işlərdən söz açaraq aidiyyəti şəxslərlə birlikdə rayonda fəaliyyət göstərən çörək sexlərində, marketlərdə, restoran və kafelərdə keçirilmiş reydlər barədə də məlumat verib. Eyni zamanda, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin bufetlərində şagirdlərə təklif olunan qida məhsullarının keyfiyyəti, istifadə müddəti, saxlanma şəraitinə nəzarət məqsədilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional bölməsinin əməkdaşlarının iştirakı ilə reydlər həyata keçirildiyini, qeyd edilən məsələlərin nəzarətdə saxlanıldığını diqqətə çatdırıb. 

İcra başçı Respublika Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasından, bu sahədə hazırlanmış Tədbirlər Planının 8.4.3-cü yarımbəndində - Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən də söz açıb. Rayon rəhbəri çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai  həyatda  digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri özündə əks etdirən Sosial xidmət barədə məlumat verib. Bildirib ki, Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Rayon rəhbəri Sosial xidmətlərin fəaliyyət istiqamətlərini mənzil, avtomobil təminatı, sanatoriya-kurort yollayışları, övladlığagötürmə, himayədar ailə, evdə (səyyar) sosial-məişət xidməti, sosial xidmət müəssisələri, mənzil satışı portalı, sosial sifarişlər, Sosial Xidmət Mərkəzləri, Daimi Günərzi Qayğı Mərkəzlərinin təşkil etdiyini bildirib. Vətəndaşların xidmətlərdən yararlanmaq üçün Dost mərkəzlərinə, 142 çağırı mərkəzinə və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinə müraciət etməli olduqlarını söyləyib. 

Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də yaşadıqları küçələrdə, binalarda görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bina sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər. 

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.

Keçidlər