Qazaxda icra başçısının may ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Qarapapaq kəndində olub
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz real əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin may ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Qarapapaq kəndində yaşayan sakinlərlə olub.
Mayın 15-də Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı bütün kəndlərimiz kimi, Qarapapaq kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 8 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 6 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Vətən müharibəsi, 1 nəfər Çernobıl əlilinin olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı gizir Əhmədov Elvin Qələndər oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində, 2023-cü ilin antiterror tədbirləri zamanı əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Bu gün həmin qəhrəman oğulların sayəsində doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda üçrəngli bayrağımızın dalğalandığını söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
İcra başçısı bütün kəndlərdə olduğu kimi, Qarapapaq kəndində də keçirilən görüşlər zamanı səslənən məsələlərə, fikirlərə hər zaman həssaslıqla yanaşıldığını, ötən səyyar görüşlərdə qaldırılan məsələlərin müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri kənddə uşaq bağçasının açılması ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Ağköynək və Qarapapaq kəndlərində mərkəzi yolun asfaltlandığını, digər ara küçələrdə də nəzərdə tutulduğunu qeyd edib. Bundan əlavə, ara küçələrin mütəmadi olaraq qum-çınqılla cari təmir olunduğunu diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qarapapaq kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu, bu məsələnin gündəmdə olduğunu bildirib. Həmçinin, kənddə fiber optik internet xəttinin çəkildiyini qeyd edib.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.
İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
İcra başçısı Respublika Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndində qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması, 10.12.4-cü bəndində sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin həyata keçirilməsinin əksini tapdığını qeyd edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. İcra başçısı Dövlət Proqramında əksini tapan bəndlərdə qeyd edilən qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Rayon rəhbəri ilk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulunun seçilməli, istifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməli olduğunu bildirib. Xüsusilə istifadə edilən ərzaqların, məshulların istifadə müddətinə, saxlanma şəraitinə diqqət yetirilməli olduğunu vurğulayıb. Rayon rəhbəri son illər Qazaxda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülmüş işlərdən söz açaraq aidiyyəti şəxslərlə birlikdə rayonda fəaliyyət göstərən çörək sexlərində, marketlərdə, restoran və kafelərdə keçirilmiş reydlər barədə də məlumat verib. Eyni zamanda, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin bufetlərində şagirdlərə təklif olunan qida məhsullarının keyfiyyəti, istifadə müddəti, saxlanma şəraitinə nəzarət məqsədilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional bölməsinin əməkdaşlarının iştirakı ilə reydlər həyata keçirildiyini, qeyd edilən məsələlərin nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.
İcra başçı Respublika Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasından, bu sahədə hazırlanmış Tədbirlər Planının 8.4.3-cü yarımbəndində - Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən də söz açıb. Rayon rəhbəri çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri özündə əks etdirən Sosial xidmət barədə məlumat verib. Bildirib ki, Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Rayon rəhbəri Sosial xidmətlərin fəaliyyət istiqamətlərini mənzil, avtomobil təminatı, sanatoriya-kurort yollayışları, övladlığagötürmə, himayədar ailə, evdə (səyyar) sosial-məişət xidməti, sosial xidmət müəssisələri, mənzil satışı portalı, sosial sifarişlər, Sosial Xidmət Mərkəzləri, Daimi Günərzi Qayğı Mərkəzlərinin təşkil etdiyini bildirib. Vətəndaşların xidmətlərdən yararlanmaq üçün Dost mərkəzlərinə, 142 çağırı mərkəzinə və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinə müraciət etməli olduqlarını söyləyib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə razılıqlarını bildiriblər. Son illər rayonda, o cümlədən də Qarapapaq kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.