Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının növbəti səyyar görüşü Aşağı Salahlı kənd sakinləri ilə olub

19 may 2022 | 00:03

Bu gün əminliklə qeyd edə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında vətəndaş amili dayanır. Dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu təşkil edir ki, bu, hər bir dövlət məmuru üçün örnəkdir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.

May ayı üzrə nəzərdə tutulan növbəti səyyar görüş Aşağı Salahlı kənd sakinləri ilə olub. Mayın 19-da keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. “Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımovun da iştirak etdiyi bugünkü görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan söz açılıb, vətəndaşları narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

İcra başçısı ölkə Prezidentinin rəhbərliyi altında son illər respublikamızda aparılan  quruculuq işlərinin Qazaxda da geniş miqyas aldığını qeyd edib. Son dövrlər rayonda həyata keçirilən böyük işlərdən birinin ölkə başçısının qayğısı sayəsində Qazaxda 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin inşa olunmasını qeyd edərək səhiyyə sahəsində çalışan insanlara olan töhfə kimi dəyərləndirib.

Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan daha bir məsələnin isə şəhərin su-kanalizasiya sisteminin yenilənməsi olduğunu, ölkə rəhbərinin qayğısı sayəsində bu məsələnin də öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb.

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncama əsasən son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkildiyini qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Aşağı Salahlı yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edən edən icra başçısı bu sahədə işlərin uğurla davam etdirildiyini söyləyib. Son illər rayonda Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulduğunu, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulduğunu, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunduğunu, Təhsil Nazirliyi tərəfindən Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmir edildiyini, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikildiyini bildirib. Hazırda ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunmasını dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi qiymətləndirib. İcra başçısı ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasının da bərpa olunduğunu qeyd edib. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.

İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərə də toxunub. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, Aşağı Salahlı kənd Körpələr Evi-Uşaq bağçasının da həmin təmirli bağçalar sırasında olduğunu vurğulayıb. Görülmüş işləri körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib.

Son illər rayonun bütün kəndlərində olduğu kimi, Aşağı Salahlı kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Aşağı Salahlı kəndində mövcud olan sudan qənaətlə, səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunduğunu, suvarma ilə bağlı reydlər aparıldığını vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Aşağı Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

İcra başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda yer aldığını söyləyib. Qeyd edib ki, məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə rayonda COVID-19 xəstəliyindən 72 nəfər dünyasını dəyişib.

Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmalı olduğunu söyləyib. Rayon rəhbəri erkən nikahın qarşısının alınması ilə bağlı görülmüş işlərdən söz açaraq bu sahədə də hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

Hərb tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, döyüş zamanı qanı ilə dastan yazan oğullarımızdan söz açan icra başçısı qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını həmin oğullarımızın xalqımızın, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləmək, kənddəki mövcud vəziyyəti bilmək, səslənən məsələlərin həlli istiqamətində addımlar atmaqdır”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd sakinlərindən İlham Nəbiyev, Nüsrət Aşırov, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, Fatma Vəliyeva onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

“Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, III dərəcəli Vətən müharibəsi əlili Famil Yusubov 44 günlük savaşda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək onun dəmir yumruğu ilə düşmənin başını əzdiklərini bildirib. Ölkə başçısının onların yanında olduğu kimi, qazilər olaraq bundan sonra da daim Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini söyləyib. F.Yusubov şəhid ailələrinə və müharibə əlillərinə, iştirakçılarına göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Məktəblilər Fatimə Əliyeva və Aylin Mirzəyeva ürək sözlərini, minnətdarlıqlarını şeir töhfəsi ilə çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Güldəstə Muradovanın kənddə su itkisinin qarşısını almaq üçün “Arxmaz” arxının beton üzlüyə alınması, Rövşən İsmayılovun kənddə 10 ailəyə məxsus 25 hektar pay torpaqlarının suvarılması məqsədilə 1 ədəd subartezian quyusunun qazılması, Nüsrət Aşırovun kənddə sahilbərkitmə işlərinin aparılması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.

Keçidlər