Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının növbəti səyyar görüşü Aşağı Salahlı kəndində yaşayan sakinlərlə keçirilib

16 mart 2023 | 19:35

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, ölkəmizdə bütün işlərin arxasında yalnız və yalnız vətəndaş amili dayanır. Dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu təşkil edir ki, bu, hər bir dövlət məmuruna örnəkdir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.

İcra başçısının mart ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Aşağı Salahlı kəndində yaşayan sakinlərlə keçirilib.

Martın 16-da Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin həyətində keçirilən səyyar görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. Görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan söz açılıb, vətəndaşları narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, həmin müharibədə igid Vətən oğullarının, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazandığımız tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə ömür boyu borclu və minnətdar olduğumuzu dilə gətirib.

İcra başçısı ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasının da bərpa olunduğunu qeyd edib. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Aşağı Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

Kənd sakinlərindən Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov və başqaları çıxış edərək Novruz bayramı münasibətilə rayon rəhbərliyinə təbriklərini çatdırıblar. Onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

III dərəcəli Vətən müharibəsi əlili Famil Yusubov 44 günlük savaşda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək onun dəmir yumruğu ilə düşmənin başını əzdiklərini bildirib. Ölkə başçısının onların yanında olduğu kimi, qazilər olaraq bundan sonra da daim Ali Baş Komandanın ətrafında sıx birləşərək dəstəkləyəcəklərini söyləyib. F.Yusubov şəhid ailələrinə və müharibə əlillərinə, iştirakçılarına göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə köhnə məktəb binasında yerləşən Aşağı Salahlı kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi, Kür çayının ətrafında sahilbərkitmə işinin aparılması, kənddə 1 ədəd əlavə subartezian quyusunun qazılması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını bildirib.

Keçidlər