Qazaxda icra başçısının növbəti səyyar görüşü Aşağı Salahlı kəndində yaşayan sakinlərlə olub
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, ölkəmizdə bütün işlərin arxasında yalnız və yalnız vətəndaş amili dayanır. Dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu təşkil edir ki, bu, hər bir dövlət məmuruna nümunədir.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.
İcra başçısının oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Aşağı Salahlı kəndində yaşayan sakinlərlə olub.
Oktyabrın 12-də Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
İcra başçısı çıxışında 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu söyləyib. Bu il həm Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu, 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini, həm də Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötdüyünü qeyd edib. 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına etdiyi “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” tarixi müraciəti xatırladan icra başçısı xalq olaraq bu gün bunun əyani şahidi olduğumuzu qeyd edib. Ölkə Prezidentinin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində müstəqil Azərbaycanın bu gün bütün dünyada qalib dövlət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib sərkərdə kimi tanındığını vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində həm şanlı Azərbaycan Ordusunun, həm də Müzəffər Ali Baş Komandanın hərb tariximizdə qəhrəmanlıq dastanı yazdıqlarını qeyd edib. Əldə etdiyimiz şanlı Zəfərin ölkə başçısının misilsiz xidmətlərinin, fəaliyyətinin pik nöqtəsi hesab edildiyini diqqətə çatdırıb. Ata vəsiyyətini yerinə yetirən ölkə başçısı, Müzəffər Ali Baş Komandanla bu gün xalqımızın fəxr edib, qürur duyduğunu bir daha dilə gətirib. Rayon rəhbəri ölkə Prezidentinin 20 illik fəaliyyəti dövründə, diqqət və qayğısı sayəsində paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini vurğulayıb.
İcra başçısı bütün kəndlərimiz kimi, Aşağı Salahlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 6 nəfər şəhid verdiyini bildirib. 1 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Aşağı Salahlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 26 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. 1 nəfərin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralandığını vurğulayıb. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Aşağı Salahlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Orta Salahlı kəndində əkin sahəsinin 703,5 hektardan 1092,4 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Aşağı Salahlı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 12 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib.
İcra başçısı ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasının da bərpa olunduğunu qeyd edib. Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərdiyini söyləyib. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb. Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin 2021-2022 (92,3%) və 2022-2023-cü (81,8%) tədris ilində əldə etdiyi göstəricilərdən söz açan rayon rəhbəri buna görə məktəbin kollektivinə təşəkkür edib.Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 30 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin Vətən müharibəsi əlili, 28 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.
Rayon rəhbəri narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Aşağı Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.
Kənd sakinlərindən təqaüddə olan müəllim Cahangir Alnaqov, Mahmud Mirzəyev, Ayvaz Osmanov, Çingiz Pənahov, Asimə Hüseyn və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Kür çayının Aşağı Salahlı kəndindən keçən hissəsində sahilbərkitmə işlərinin davam etdirilməsi, suvarma suyunun yaxşılaşdırılması məqsədilə 9,9 km uzunluğunda "Axmaz" və 15,02 km uzunluğunda "Zor" arxlarının beton üzlüyə alınması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını bildirib.
Səyyar görüşdən sonra icra başçısı oktyabrın 10-da birmətəbəli yaşayış evi, ona bitişik mağazası və yardımçı tikilisi yanmış Aşağı Salahlı kənd sakini Nəbiyev Şirin Camal oğlunun evində olub, qayğıları ilə maraqlanıb.