Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının növbəti səyyar görüşü rayonun sərhəd kəndi olan Cəfərlidə yaşayan sakinlərlə keçirilib

08 avqust 2024 | 21:41

Bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə ön plana çəkilir. Ən əsası da Prezident İlham Əliyevin vətəndaşlara göstərdiyi qayğıda, səmimi münasibətdə əksini tapır. Əminliklə deyə bilərik ki, ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin avqust ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun sərhəd kəndi olan Cəfərlidə yaşayan sakinlərlə olub.

Avqustun 8-də Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyənin əsasında vətəndaş amilinin dayandığını qeyd edən icra başçısı bunu hər bir dövlət məmurunun öz fəaliyyətində nümunə götürməli olduğunu bildirib. Rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını söyləyib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığını qeyd edərək bugünkü görüşün də təməlində bu amilin dayandığını bir daha söyləyib. 

Sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərin mərdliyindən, qorxmazlığından söz açan icra başçısı onların mətinliyini, dəyanətini yüksək qiymətləndirib. Qəhrəman kəndin Birinci Qarabağ mühharibəsində 5 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 6 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Vətən müharibəsi əlilinin olduğunu söyləyib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Cəfərli kəndindən 2 nəfərin yaralandığını, 1 nəfərin əlil olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Cəfərli kəndindən 36 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  

İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qazaxın 4 kəndinin geri qaytarılmasını dövlətimizin növbəti uğuru, qalibiyyəti, zəfəri kimi qiymətləndirib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, xüsusilə də qazaxlıların, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə yazıldığını bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 

İcra başçısı rayonun bütün kəndlərində olduğu kimi, Cəfərli kəndində də abadlıq işlərinin aparıldığını, vətəndaşlar tərəfindən səslənən məsələlərin zamanla aradan qaldırıldığını bildirib. Ötən illər ərzində kəndin yolunun yenidən asfaltlanması, kənddə uşaq bağçasının təmir olunması ilə bağlı müraciətlərin müsbət həllini tapdığını vurğulayıb. İcra başçısı rayonda şəhər və kəndlər üzrə mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, həmin təmirli bağçalardan birinin də məhz Cəfərli kənd Uşaq bağçası olduğunu söyləyib.

Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində Cəfərli kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu gün 5 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib. Bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Cəfərli kəndində SİP kabelləşmə işinin tam başa çatdırıldığını, həmçinin, kənddə fiber optik internet xəttinin çəkildiyini qeyd edib. 

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.  İcra başçısı sakinlərlə keçirilən görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək dövlətimiz tərəfindən erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, ailə məcəlləsi ilə bağlı qanunda dəyişiklik edildiyini, qanuni nikah yaşının 18-ə çatdırıldığını vurğulayaraq erkən nikah hallarına yol verən valideynlərin, eləcə də erkən nikaha göz yuman digər şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib.

Sakinlər onlarla görüşə gəldiyinə, sərhəd kəndində yaşayan insanlara daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən Cəfərli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Cəfərli kənd uşaq bağçasının təmirini, kəndin yolunun yenidən asfaltlanmasını, əhalinin su təminatının yaxşılaşdırılmasını, eləcə də digər görülən işləri yüksək qiymətləndiriblər. Xüsusilə də uzun illərdən sonra kəndə yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Cəfərli arxının yaxınlığında 1 ədəd subartezian quyusunun qazılmasına köməklik göstərilməsi, 5,8 km uzuluğunda kəndarası avtomobil yolunun qum-çınqılla təmiri ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, müsbət həlli üçün lazımi addımlar atılacağını bildirib.

Keçidlər