Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının növbəti səyyar görüşü rayonun sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərlə olub

10 mart 2025 | 21:45

Müstəqil ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə hər zaman görürük.   

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin mart ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərlə olub.

Martın 10-da Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq müqəddəs Ramazan ayının başlanması və milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğulayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərin mərdliyindən, qorxmazlığından söz açan icra başçısı onların mətinliyini, dəyanətini yüksək qiymətləndirib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 5 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 44 günlük müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

İcra başçısı rayonun bütün kəndlərində olduğu kimi, Cəfərli kəndində də abadlıq işlərinin aparıldığını, vətəndaşlar tərəfindən səslənən məsələlərin zamanla aradan qaldırıldığını bildirib. Ötən illər ərzində kəndin yolunun yenidən asfaltlanması, kənddə uşaq bağçasının təmir olunması ilə bağlı müraciətlərin müsbət həllini tapdığını vurğulayıb. İcra başçısı rayonda şəhər və kəndlər üzrə mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, həmin təmirli bağçalardan birinin də məhz Cəfərli kənd Uşaq bağçası olduğunu söyləyib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Cəfərli kəndində SİP kabelləşmə işinin tam başa çatdırıldığını, həmçinin, kənddə fiber optik internet xəttinin çəkildiyini qeyd edib. 

Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının səsləndirdiyi kimi, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir ki, onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali və orta ixtisas təhsil müəssisələrində, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. 

Sakinlər onlarla görüşə gəldiyinə, sərhəd kəndində yaşayan insanlara daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən Cəfərli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Cəfərli kənd uşaq bağçasının təmirini, kəndin yolunun yenidən asfaltlanmasını, əhalinin su təminatının yaxşılaşdırılmasını, eləcə də digər görülən işləri yüksək qiymətləndiriblər. Xüsusilə də uzun illərdən sonra kəndə yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Görüşdə vətəndaşların kənd sakinlərini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə 400 KV-luq yararsız elektrik transformatorunun yeni 630 KV-luq transformatorla əvəz edilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələyə həssaslıqla yanaşılacağını, müsbət həlli üçün lazımi addımlar atılacağını bildirib.

Keçidlər