Qazaxda icra başçısının noyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində olub
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bunu bütün sahələrdə görmək olur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin noyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində yaşayan sakinlərlə olub.
Noyabrın 12-də Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbdə keçirilən səyyar görüşdə icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. Rayon rəhbəri ötən illər ərzində Aşağı Salahlı kəndində 15 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 60 nəfər vətəndaş tərəfindən 50 məsələ qaldırıldığını, 19 məsələnin təkrar olduğunu, 25 məsələnin müsbət həllini tapdığını söyləyib. 7 məsələ qanunamüvafiq cavablandırılıb, 17 müraciətlə əlaqədar aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını vurğulayıb. Rayon rəhbəri ötən illər ərzində Aşağı Salahlı kəndində keçirilən səyyar görüşlər zamanı səsləndirilən bütün müraciətlərə həssaslıqla yanaşıldığını, həlli istiqamətində lazımi addımlar atıldığını bildirib. Kənddə sip kabelləşmə işlərinin davam etdirilməsi, suvarma arx və kanalların beton üzlüyə alınması, Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Kənddə həkim məntəqəsinin inşası ilə bağlı müraciətin icrası istiqamətində lazımi addımlar atıldığını, kənddə modul tipli məntəqənin inşasının nəzərdə tutulduğunu söyləyib.
Rayon rəhbəri Aşağı Salahlı kəndindən Birinci Qarabağ müharibəsində 6 nəfərin torpaqlarımızın azadlığı uğrunda canından keçdiyini, 1 nəfərin öz sağlamlığını qurban verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə şanlı zəfərlə başa çatan Vətən müharibəsindən 6 il vaxt keçməsinə baxmayaraq xalqımızın həmin qələbəni bu gün də qürurla xatırladığını qeyd edib. Həmin müharibədə qanları ilə şanlı tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda Aşağı Salahlı kəndindən 1 nəfərin sağlamlığını itirdiyini bildirib. 44 günlük Vətən müharibəsində Aşağı Salahlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 26 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İstər Birinci Qarabağ, istər Vətən müharibəsi, istərsə də digər döyüşlərdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacaqlarını vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı 2016-cı ildən bu yana Aşağı Salahlı kəndində əkin sahəsinin artdığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Aşağı Salahlı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 13 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Aşağı Salahlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 47 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin Vətən müharibəsi əlili, 44 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.
İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Kənd sakinləri çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.







