Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının noyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Daş Salahlı kəndində olub

14 noyabr 2024 | 20:33

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının noyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Daş Salahlı kənd sakinləri ilə olub. 

Noyabrın 14-də Qazax Rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri bu günlərdə ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etdiyini, dünya dövlətləri liderlərinin ölkəmizə gəldiyini qeyd edərək ölkə vətəndaşı olaraq bununla hər kəsin qürur duyduğunu söyləyib. Ölkəmizin əldə etdiyi nailiyyətlərə, 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə görə ölkə Prezidentinə minnətdar olduğumuzu bildirib. İcra başçısı Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, digər vaxtlarda və 2022-ci ilin sentyabr hadisələrində torpaqlarımızın azadlığı uğrunda Daş Salahlı kəndinin 23 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Birinci Qarabağ müharibəsində 16 nəfərin, 44 günlük Vətən müharibəsində 2 nəfərin müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da igid Vətən oğullarının Şəhidlik zirvəsinə ucaldığını, onlardan bir nəfərinin Daş Salahlı kəndindən olduğunu bildirib. 44 günlük Vətən müharibəsində Daş Salahlı kəndindən 162 nəfərin iştirak etdiyini, onlardan 147 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhərlərinin separatçılardan təmizləndiyini, Azərbaycan dövlətinin suverenliyini tam bərpa etdiyini, bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını vurğulayıb. Əldə etdiyimiz şanlı zəfərlə şəhidlərimizin ruhunun şad olduğunu söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri bu günə kimi keçirilən səyyar görüşlər zamanı səslənən müraciətlərin zamanla öz müsbət həllini tapdığını qeyd edib. Kənddə mərkəzi küçənin işıqlandırılması, su xəttinin çəkilişi, subartezian quyusunun qazılması, arxların təmizlənməsi, bankomatın qoyulması və bir sıra məsələlərin həll edildiyini vurğulayıb.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Daş Salahlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 1980,8 hektardan 2491 hektara çatdırıldığını söyləyib. 

Rayon rəhbəri Daş Salahlı kəndində sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Abbasbəyli kəndində yerləşən Coğazçay su anbarından Daş Salahlı kəndinə gələn köhnə dəmir borular istismar müddətini başa vurduğu üçün kənd əhalisinin məişət suyu ilə təminatında müəyyən çətinliklər yaratdığını, bu səbəbdən Daş Salahlı Bələdiyyəsi tərəfindən sözügedən dəmir boruların yeni polietlin borularla əvəzləndiyini, köhnə dəmir boruların əvəzinə diametri 315 mm olan 500 paqonmetr uzunluğunda yeni polietilen borular çəkildiyini, kənddəki su anbarının qısa zamanda dolduğunu qeyd edib. Kənddə əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə 10 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, eləcə də optik internet xəttinin çəkildiyini bildirib.

Səyyar görüşdə 2023-2024-cü tədris ilində rəhbərlik etdiyi məktəbin məzunlarından 24 nəfərin ali, 3 nəfərin orta ixtisas təhsili müəssisələrinə qəbul olduqlarına, onlardan 3 nəfərin 500 baldan yuxarı nəticə göstərdiyinə və 2 nəfərin fərqlənmə attestatına layiq görüldüyünə görə Qazax Rayon Şahin Cəbiyev adına  Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Bayramova Rəna Vəli qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Rayon rəhbəri Fəxri Fərmanı təqdim edərək məktəbin kollektivinə gələcək işlərində uğurlar arzulayıb.

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi, bu gün ali təhsil ocağında tələbələrin təhsil alması Qazaxda təhsil sahəsinə olan qayğının bariz nümunəsidir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü çatdırıb.

İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan ikisinin məhz Daş Salahlı kəndində olduğunu söyləyib. Təmirə ehtiyacı olan digər 1 bağçanın təmiri ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını bildirib.

Rayon rəhbəri "Arkoz Qazax Sement Zavodu” MMC tərəfindən görülmüş işlərdən, şəhid ailələrinə göstərilən qayğıdan da söz açıb. Bildirib ki, 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilib. Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni evin inşa edilməsi zavodun həyata keçirdiyi sosial layihələrdir. 

İcra başçısı rayonda narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Yetkinlik yaşına çatmayanlarla aparılan mübarizədən, erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də Daş Salahlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Daş Salahlı kəndində sipləşmə işlərinin yekunlaşdırılması, Daş Salahlı kənd 1 saylı uşaq bağçası üçün yeni binanın tikintisi ilə bağlı müraciətlər dinlənilib. Səslənən məsələlərin nəzarətə götürüləcəyi, həll edilməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağı qeyd edilib.

Keçidlər