Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının oktyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Çaylı kəndində olub

24 oktyabr 2024 | 18:52

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Çaylı kənd sakinləri ilə olub. 

Oktyabrın 24-də Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb,  hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti öyrənmək, vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Çaylı kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsnasında keçən görüşdə sakinləri narahat edən bir sıra məsələlər dinlənilib, səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağı bildirilib.

Keçidlər