Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının oktyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə olub

15 oktyabr 2026 | 23:43

Respublika Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin oktyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə olub.

Oktyabrın 15-də Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin yaşayış məntəqələrində vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra başçısı Fərəhli kəndində ötən illər ərzində 11 səyyar görüş keçirildiyini, həmin səyyar görüşlərdə 61 nəfər tərəfindən 38 məsələ qaldırıldığını, həmin məsələlərdən 13-nün təkrar olduğunu, 22-sinin müsbət həllini tapdığını söyləyib. 2 məsələ ilə bağlı qanunamüvafiq izahat verildiyini, 13 müraciətlə bağlı aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını vurğulayıb.

Rayon rəhbəri sərhəddə yerləşən Fərəhli kəndinin daim diqqət mərkəzində saxlanıldığını, bu kənddə keçirilmiş görüşlərdə səslənən məsələlərin zamanla aradan qaldırıldığını söyləyib. Rayon rəhbəri dövlət başçısının rəhbərliyi altında Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsini bu kənddə yaşayan sakinlərə olan dövlət qayğısı kimi qiymətləndirib. İcra başçısı bütün kəndlərdə olduğu kimi, Fərəhli kəndində də vətəndaşların optik internet xətti ilə təmin olunduğunu, kənddə SİP kabelləşmənin tam başa çatdırıldığını qeyd edib. 

2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə Fərəhli kəndindən olan igid oğullarımızın da payı olduğunu söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan danışan icra başçısı Şəhidlik zirvəsinə ucalan əsgər Daşdəmirov Elfak Eltun oğlunun, kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, Aprel döyüşlərində qəhrəmanlığı ilə tarix yazan kapitan Orucov Mühüd Qurban oğlunun, eləcə də Birinci Qarabağ müharibəsində canından keçən bütün şəhidlərimizin illər ötsə belə heç zaman unudulmayacağını söyləyib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 3 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 8 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Fərəhli kəndindən 27 nəfərin iştirak etdiyini, onlardan 12 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu qeyd edib. Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, Aprel döyüşlərində, eləcə də xidməti vəzifəsini yerinə yetirərkən ümumilikdə, 7 nəfərin Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Rayon rəhbəri Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin müasir tələblərə cavab verən səviyyədə olduğunu vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Fərəhli kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Fərəhli kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Fərəhli kəndində əkin sahəsinin 282 hektardan 658 hektara çatdırıldığını söyləyib. 2 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu söyləyib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 19 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 4 nəfərin şəhid ailəsi, 2 nəfərin Vətən müharibəsi iştirakçısı, 13 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayon rəhbəri cari ilin 20 iyun tarixində baş vermiş təbii fəlakət zamanı yağan dolu səbəbindən Fərəhli kəndində də evlərin dam örtüyünə ciddi ziyan dəydiyini, dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi addımlar atıldığını, ilk gündən bu məsələni daim diqqət mərkəzində saxladığını, həlli istiqamətində müəyyən işlər görüldüyünü, evlərinə ziyan dəymiş vətəndaşlara lazımi materialların verildiyini və hazırda davam etdirildiyini bildirib. 

İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri, eləcə də onlar tərəfindən səslənən təklifləri dinləyib. Fərəhli kənd sakinlərindən Alı Həsənov və başqaları onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə, sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Təbii fəlakət zamanı dolu səbəbindən evlərinin dam örtüyünə dəymiş ziyana görə göstərilən dəstəyi yüksək qiymətləndirərək bu işdə əziyyəti keçən hər kəsə razılıq ediblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.

Keçidlər