Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü İkinci Şıxlı kəndində olub

10 oktyabr 2022 | 19:50

Bu gün əminliklə qeyd edə bilərik ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Cənab Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü İkinci Şıxlı kəndində olub.

Oktyabrın 10-da Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda, eləcə də rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Pandemiyadan sonra İkinci Şıxlı kəndində ikinci dəfə keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. Bütün kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə daim qayğı ilə yanaşıldığını bildirib.

Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. İcra başçısı kənddə yerləşən iki məktəbin təmir olunmasına ehtiyac olduğunu, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina tikildiyini, bu il yanvarın 17-də istifadəyə verildiyini qeyd edib. Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin də Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblər sırasında olduğunu bildirib. İcra başçısı rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını göstərib. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Qazaxda yeni məktəb binalarının inşa olunduğunu söyləyib. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsini dövlətin Qazaxda təhsil sahəsinə olan qayğısı kimi qiymətləndirib. Rayon rəhbəri təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib.

İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda təmirli bağçalardan birinin məhz İkinci Şıxlı kəndində yerləşdiyini, kənddə olan digər 2 uşaq bağçasının təmirinin də nəzərdə tutulduğunu söyləyib.

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən danışan rayon rəhbəri bu Zəfərə görə xalq olaraq Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazax elindən də 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan iki nəfərinin İkinci Şıxlı kəndindən olduğunu bildirib. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Kərimov Emil İlqar oğlunun və ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş şəhid əsgər Omarov Elmar Elvar oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacaqlarını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də SİP kabelləşmə işinin başa çatdırılacağını, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

“Bu gün siz vətəndaşları dinləməyə gəlmişik”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən İkinci Şıxlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Mustafayev Zəlimxan Ədilxan oğlunun yeni çəkilən Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun pay torpağına və üzüm bağına düşən hissəsinə ödənilən kompensasiyanın düzgün hesablanmaması, Mikayılov Qurban İsmayıl oğlunun kənddə qəzalı vəziyyətdə olan elektrik və rabitə dayaqlarının yenisi ilə əvəz olunması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Keçidlər