Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Aşağı Salahlı kəndində yaşayan sakinlərlə keçirilib YENİLƏNƏCƏK

27 oktyabr 2022 | 19:15

Bu gün ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında yalnız və yalnız vətəndaş amili dayanır. Dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu təşkil edir ki, bu, hər bir dövlət məmuruna örnəkdir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.

İcra başçısının oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Aşağı Salahlı kəndində yaşayan sakinlərlə keçirilib.

Oktyabrın 27-də keçirilən səyyar görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. Görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan söz açılıb, vətəndaşları narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, həmin müharibədə igid Vətən oğullarının, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazandığımız tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə ömür boyu borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Birinci Qarabağ müharibəsində şəhid olan 6 nəfər qəhrəman Vətən oğlunun, eləcə də Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində Aşağı Salahlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 26 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncama əsasən son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkildiyini qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Aşağı Salahlı avtomobil yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib.

Son illər rayonun bütün kəndlərində olduğu kimi, Aşağı Salahlı kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Aşağı Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.

İcra başçısı ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasının da bərpa olunduğunu qeyd edib. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.

İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərə də toxunub. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, Aşağı Salahlı kənd Körpələr Evi-Uşaq bağçasının da həmin təmirli bağçalar sırasında olduğunu vurğulayıb. Görülmüş işləri körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib.

Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmalı olduğunu söyləyib. Rayon rəhbəri erkən nikahın qarşısının alınması ilə bağlı görülmüş işlərdən söz açaraq bu sahədə də hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləmək, kənddəki mövcud vəziyyəti bilmək, səslənən məsələlərin həlli istiqamətində addımlar atmaqdır”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 

Kənd sakinlərindən Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov və başqaları onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

III dərəcəli Vətən müharibəsi əlili Famil Yusubov 44 günlük savaşda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək onun dəmir yumruğu ilə düşmənin başını əzdiklərini bildirib. Ölkə başçısının onların yanında olduğu kimi, qazilər olaraq bundan sonra da daim Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini söyləyib. F.Yusubov şəhid ailələrinə və müharibə əlillərinə, iştirakçılarına göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Musayeva Elnaz Mahir qızının kənddə köhnə məktəb binasında yerləşən Aşağı Salahlı kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi, Nuriyev Mirzə Vəli oğlunun kənddə SİP kabelləşmə işinin aparılması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.

Keçidlər