Qazaxda icra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Yuxarı Salahlı kəndində olub
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz real əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Yuxarı Salahlı kəndində olub.
Sentyabrın 12-də Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı bütün kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşlərdə qaldırılan məsələlərin müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri kənddə uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, Ağköynək, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı kəndlərində kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də SİP kabelləşmənin aparılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini bildirib.
Kənd sakinlərindən Məhəmməd Vəkilov, Reyhan Yaşılova və başqaları çıxış edərək Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son günlər Yuxarı Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndirərək ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün Yuxarı Salahlı kəndində olan görüşü kənd sakinlərinə göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Yuxarı Salahlı kəndində sipləşmə işlərinin aparılmasına, kənddə 80 ailənin yaşadığı yeni məhəlləyə transformatorun qoyulmasına və subartezian quyusunun qazılmasına köməklik göstərilməsi ilə əlaqədar müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə həssaslıqla yanaşılacağını, səslənən məsələlərin diqqətdə saxlanılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini söyləyib. Qeyd edilən məsələlərlə bağlı lazımi addımların atıldığını, aidiyyəti qurumlara rəsmi məktub ünvanlandığını bildirib. Bundan əlavə, səslənən məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinin iştirakı ilə yerində baxış keçiriləcəyini qeyd edib.