Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Qaymaqlı kəndində olub
Bu gün ölkəmizdə uğurlu dövlət siyasəti həyata keçirilir ki, onun da əsasını vətəndaş amili təşkil edir. Ən əsası da bu, Prezident İlham Əliyevin vətəndaşlara göstərdiyi qayğıda, səmimi münasibətdə daim öz əksini tapır. Əminliklə deyə bilərik ki, ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin sentyabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Qaymaqlı kəndində yaşayan sakinlərlə olub.
Qazax Rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Sakinlərlə keçirilən səyyar görüşlərin əhəmiyyətindən söz açan rayon rəhbəri bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdığını qeyd edən icra başçısı 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə yazıldığını bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, yaxın zamanda Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri görüşdə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu sakinlərin diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıb.
Rayon rəhbəri çıxışı zamanı ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün yeni layihə icra olunduğunu qeyd edib. Sözügedən layihənin vətəndaşların məmnunluğu üçün onların istədikləri kimi icra olunacağını söyləyib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qaymaqlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Yaxın zamanda bu kənddə də SİP kabelləşmə işlərinə başlanılacağını bildirib.
Ötən müddət ərzində Qaymaqlı kəndində sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Kənddə məktəb tikintisi ilə bağlı məsələnin artıq müsbət həll edildiyini vurğulayıb. Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin aparıldığını qeyd edib. İcra başçısı Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsini Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirib. Kənddə bağçanın açılması ilə bağlı müraciətlə əlaqədar aidiyyəti qurumlara məktub ünvanlandığını, məsələnin gündəmdə olduğunu qeyd edib.
Vətən yolunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edən icra başçısı bütün kəndlərimizdən olduğu kimi, Qaymaqlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 6 nəfər şəhid verdiyini, Birinci Qarabağ müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Qaymaqlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 34 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı könüllü döyüşə qatılan, Vətən yolunda Şəhidlik zirvəsinə ucalan, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Qaymaqlı kəndinin igid oğlu, Vətən müharibəsi şəhidi əsgər Nəsibov Asəf Səfəralı oğlu ilə bu gün hər kəsin qürur duyduğunu söyləyib. Rayon rəhbəri istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qaymaqlı kəndində görülən işlərə - yeni məktəb binasının inşa olunmasına, tibb məntəqəsinin təmir edilməsinə, yem məntəqəsinin tikilməsinə, içməli su çəkilişinə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə körpələr evi-uşaq bağçasının açılması, Qaymaqlı kənd tibb məntəqəsinə rabitə xəttinin çəkilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə həssaslıqla yanaşılacağını, səslənən məsələlərin diqqətdə saxlanılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.