Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Bala Çaylı kənd sakinləri ilə olub

21 sentyabr 2023 | 20:30

Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərin, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında  vətəndaş amili dayanır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər və kəndlərdə keçirilən səyyar qəbulların keçirilməsi onu deməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Bala Çaylı kənd sakinləri ilə olub. 

Sentyabrın 21-də Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.

Görüşdə torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

İcra başçısı ötən müddət ərzində Bala Çaylı kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını, bugünkü görüşün də bu amala xidmət etdiyini qeyd edib. Bala Çaylı kəndində avtomobil yolu ilə bağlı məsələnin müsbət həllini tapdığını, uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Kənddə ATS quraşdırıldığını və yeni rabitə xətlərinin çəkildiyini, kəndarası yolların qum-çınqılla hamarlandığını, elektrik dayaqlarının dəyişdirildiyini, subartezian quyusunun qazıldığını qeyd edib.

Rayon rəhbəri Bala Çaylı kəndindən Birinci Qarabağ müharibəsində 7 nəfərin torpaqlarımızın azadlığı uğrunda canından keçdiyini, 4 nəfərin öz sağlamlığını qurban verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən 3 ildən artıq vaxt ötməsinə baxmayaraq xalqımızın həmin qələbəni bu gün də qürurla xatırladığını bildirib. Həmin müharibədə qanları ilə şanlı tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da igid Vətən oğullarının Şəhidlik zirvəsinə ucaldığını, onlardan iki nəfərinin Bala Çaylı kəndindən olduğunu bildirib. 44 günlük Vətən müharibəsində Bala Çaylı kəndindən 26 nəfərin iştirak etdiyini, onlardan 17 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Vətən müharibəsində iştirak edən və bu gün də torpaqlarımızın keşiyində dayanan kəndin qeyrətli, vətənpərvər oğlu Nicad Bədəlovun Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyünü vurğulayıb. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Bala Çaylı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Bala Çaylı kəndində əkin sahəsinin 306 hektardan 392,4 hektara çatdırıldığını söyləyib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 4 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 11 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 6 nəfərin Vətən müharibəsi iştirakçısı, 5 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bala Çaylı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.

Rayon rəhbəri hazırda şəhər ərazisində və rayonun kəndlərində “Azəronline”, “Delta Telekom”, “Metronet”, CityNet (Optik Tikinti və Montaj MMC) şirkətləri tərəfindən GPON texnologiyası ilə fiber optik xətləri üzərindən yüksəksürətli internet çəkildiyini qeyd edib. 

Sonra sakinləri narahat edən məsələlər dinlənilib. Rayon rəhbəri səslənən məsələlərin diqqətdə saxlanılacağını, həssaslıqla yanaşılacağını və həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Bala Çaylı kəndində görülən işlərə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər