Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Bala Çaylı kəndində olub

01 sentyabr 2022 | 20:00

Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərin, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında  vətəndaş amili dayanır. 

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından şəhər və kəndlərdə keçirilən səyyar qəbulların yenidən bərpa olunması da bir daha onu deməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının fevral ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Bala Çaylı kənd sakinləri ilə olub. 

Fevralın 2-də Qazax Rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib, dövlətin vətəndaşa olan qayğısından söz açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə görüşdə iştirak edən gəncləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.

İcra başçısı ötən müddət ərzində Bala Çaylı kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını, bugünkü görüşün də bu amala xidmət etdiyini qeyd edib. Bala Çaylı kəndində avtomobil yolu ilə bağlı məsələnin müsbət həllini tapdığını, uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Kənddə ATS quraşdırıldığını və yeni rabitə xətlərinin çəkildiyini, kəndarası yolların qum-çınqılla hamarlandığını, elektrik dayaqlarının dəyişdirildiyini, subartezian quyusunun qazıldığını qeyd edib.

Rayon rəhbəri Bala Çaylı kəndindən Birinci Qarabağ müharibəsində 7 nəfərin torpaqlarımızın azadlığı uğrunda canından keçdiyini, 4 nəfərin öz sağlamlığını qurban verdiyini bildirib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən 2 ildən artıq vaxt ötməsinə baxmayaraq xalqımızın həmin qələbəni bu gün də qürurla xatırladığını bildirib. Həmin müharibədə qanları ilə şanlı tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan iki nəfərinin Bala Çaylı kəndindən olduğunu bildirib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Məmmədov Səbuhi Hümbət oğlunun, ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Məmmədov Əvəz Elnur oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində Bala Çaylı kəndindən 26 nəfərin iştirak etdiyini, onlardan 17 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Vətən müharibəsində iştirak edən və bu gün də torpaqlarımızın keşiyində dayanan kəndin qeyrətli, vətənpərvər oğlu Nicad Bədəlovun Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyünü vurğulayıb. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Bala Çaylı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Bala Çaylı kəndində əkin sahəsinin 306 hektardan 400 hektara çatdırıldığını söyləyib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 3 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu, əlavə 1 ədəd subartezian quyusunun qazıldığını və istifadəyə veriləcəyini qeyd edib. 

Rayon rəhbəri bu il Bala Çaylı kənd tam orta məktəbi bitirən və qəbul imtahanlarında iştirak edən 8 nəfər məzundan 5 nəfərin ali məktəblərə qəbul olunduqlarını vurğulayıb. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 8 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 6 nəfərin Vətən müharibəsi iştirakçısı, 2 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.

Açılışı olacaq binalardan söz açan icra başçısı bunun bariz nümunəsi olaraq Venzana mebel fabrikini, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi, şəhərin içməli su və kanalizasiya sistemini, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində yenidən qurulan Qazax Müəllimlər Seminariyasını, Çaylı yolunu göstərib.

Rayon rəhbəri qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərürfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığından (Halyomorpha halys) da söz açıb. Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlərin həyata keçirildiyini, sözügedən məsələnin mahiyyətini, məsuliyyətini birmənalı şəkildə dərk edərək hər kəsin üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli olduğunu bildirib. Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, vətəndaşların təsərrüfatına ziyan vurmaması üçün hər kəsin bu işdə səfərbər olmalı olduğunu vurğulayıb. Ölkəmizdə həyata keçirilən bütün işlərin kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. 

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bala Çaylı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.

İcra başçısı rayonda narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyan barədə gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.

Sonra sakinləri narahat edən məsələlər dinlənilib. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Bala Çaylı kəndində görülən işlərə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Sakinlərdən Mirzəyev Arif Məhəmməd oğlu 3 km uzunluğunda kənddaxili yolların asfaltlanması və Rəhimova Günay Zərqəm qızı kənddə uşaq bağçasının açılması ilə bağlı müraciət ediblər. Rayon rəhbəri səslənən məsələlərin diqqətdə saxlanılacağını, həssaslıqla yanaşılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini bildirib.

Keçidlər