Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Dəmirçilər kəndində olub

15 fevral 2024 | 22:15

Prezident İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Qazaxda icra başçısının fevral ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Dəmirçilər kəndində olub. Fevralın 15-də Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, 7 fevral 2024-cü il tarixdə Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə xalqımızı, kənd sakinlərini təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimində səsləndirdiyi fikirlərin hər bir Azərbaycan vətəndaşını qürurlandırdığını söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən sosial problemləri, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı ötən səyyar görüşlərdə kənddə içməli su, subartezian quyusunun qazılması, bağçanın, yolun, elektrik xəttinin, güləş zalının təmiri ilə bağlı qaldırılan, eləcə də digər bir sıra məsələlərin zamanla müsbət həllini tapdığını bildirib. İcra başçısı Dəmirçilər kənd tam orta məktəbin təmirinin və ya tikintisinin növbəti Dövlət Proqramına salınacağını qeyd edib. Qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edən rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini söyləyib. 

2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Dəmirçilər kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 4 nəfər, 44 günlük Vətən müharibəsində 2 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 6 nəfərin, Vətən müharibəsində 4 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Dəmirçilər kəndindən 30 nəfərin iştirak etdiyini, onlardan 8 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər Dəmirçilər kəndində təsərrüfatın inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, 2016-cı ildə kənddə əkin sahəsi 545,75 hektar idisə, bu gün 650 hektara çatdırılıb. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Dəmirçilər kəndində xeyli işlər görüldüyünü bildirib. Bu gün kənddə 5 ədəd subartezian quyusunun sakinlərə xidmət göstərdiyini, arxların beton üzlüyə alınması ilə bağlı aidiyyəti qurumlara məktub ünvanladığını söyləyib. Bundan əlavə, kənddə sakinlərin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. Rayon rəhbəri bu il də suvarma arx və kanallarının təmizlənməsinin, mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyindən söz açıb. Mövcud arx və kanallarda təmizlik işlərinin aparılması ilə əlaqədar kənd sakinlərinin maarifləndirilməsinin, onların  təmizlik işlərinin aparılması zamanı fəal iştirak etmələrinin vacibliyini qeyd edib. 

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Dəmirçilər-Ürkməzli yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 18 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 3 nəfərin Vətən müharibəsi əlili, 1 nəfərin  Vətən müharibəsi iştirakçısı, 12 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Dəmirçilər kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəronline MB” LTD və “Citynet” şirkətləri tərəfindən fiber-optik internet xəttinin çəkildiyini və sakinlərin sürətli internetlə təmin olunduğunu, bu istiqamətdə işləin uğurla davam etdirildiyini bildirib.

Kənd sakinlərindən Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin müəllimi Gülnar Osmanova və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüblər. 7 fevralda qalib Azərbaycan xalqının qalib liderini yenidən seçərək ölkəmizin parlaq gələcəyi naminə növbəti uğurlu qələbəyə imza atdıqlarını vurğulayıblar. Çıxış edənlər onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini, son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Dəmirçilər kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Hər keçirilən səyyar görüşün qaldırılan məsələlərin həll olunması ilə yadda qaldığını vurğulayıblar. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. 

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin qəzalı vəziyyətdə olan 200 şagird yerlik Dəmirçilər kənd tam orta məktəb üçün yeni binanın tikintisinə, kənddə elektrik xətlərinin sip kabellə əvəz olunmasına, Dəmirçilər arxının qəzalı vəziyyətdə olan 2000 metr hissəsinə paralel boru su xəttinin çəkilməsinə, Dəmirçilər kənd sənətkarlıq evinin təmirinə köməklik göstərilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.

Keçidlər