Qazaxda icra başçısının yanvar ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Qazaxbəyli kənd sakinləri ilə olub
Prezident İlham Əliyev tərəfindən icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlər zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir məqsədə xidmət edir ki, bunun kökündə vətəndaş amili dayanır.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə ötən ilin mart ayından şəhər və kəndlərdə keçirilən səyyar qəbulların yenidən bərpa olunması da bir daha onu deməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının yanvar ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Qazaxbəyli kənd sakinləri ilə olub.
Yanvarın 26-da Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, növbəti dəfə kənddə keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açıb. İcra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
İcra başçısı ötən müddət ərzində Qazaxbəyli kəndində keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin zamanla müsbət həllini tapdığını, ən son ötən ilin avqustunda keçirilən səyyar görüş zamanı səslənən məsələlərin müsbət həll olunduğunu qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, ötən görüşdə kənddə 8 ədəd qəzalı vəziyyətdə olan elektrik dayağının yenilənməsi qeyd olunmuşdu ki, Qazax Elektrik Şəbəkəsi tərəfindən 12 ədəd dayaq yenisi ilə əvəz edildi və gərginlik artırıldı. Bundan əlavə, 500 metr uzunluğunda kənddaxili avtomobil yoluna qum-çınqılın döşənməsi vurğulanmışdı ki, bu məsələ də müsbət həllini tapdı. Rabitə dayağı ilə bağlı məsələ səslənmişdi ki, 3 ədəd dayaq yeniləndi və 1 nəfər vətəndaşın evinə gedən rabitə xətti də yeniləndi. Kənddə qazın təzyiqi və içməli su ilə bağlı məsələlərin də araşdırıldığını, kənar müdaxilələrin qarşısının alındığını və suyun verilişində olan fasilələrin bərpa olunduğunu bildirib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə əlavə 1 ədəd subartezian quyusunun qazılması ilə bağlı məsələyə də həssaslıqla yanaşılacağını və növbəti ildə nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. İcra başçısı bir neçə kənddə kəndarası yollara da asfalt vurulmasının nəzərdə tutulduğunu, bunun bariz nümunəsi olaraq Ağköynək, Qarapapaq, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Xanlıqlar kəndlərini göstərib. Növbəti illərdə Qazaxbəyli kəndində də nəzərdə tutulduğunu söyləyib.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğıdan da söz açıb. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini, bu gün seminariya binasının ADA Universitetinin Qazax Mərkəzi kimi fəaliyyət göstərməsini həmin qayğının bariz nümunəsi kimi göstərib. Rayon rəhbəri məktəblilərin onlara olan qayğını əldə etdikləri nailiyyətlərlə doğrultduqlarını qeyd edib. Ötən tədris ilində Qazaxbəyli kənd tam orta məktəbi bitirən və qəbul imtahanlarında iştirak edən məzunlardan 2 nəfərin 600-dən, 1 nəfərin isə 500-dən yuxarı bal topladıqlarını vurğulayıb.
İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı təmirli bağçalardan birinin Qazaxbəyli kənd uşaq bağçasının olduğunu qeyd edib.
Rayon rəhbəri 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən danışıb. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. İcra başçısı Birinci Qarabağ müharibəsində Qazaxbəyli kəndindən 2 nəfərin şəhid, 6 nəfərin müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Qazaxbəyli kəndindən 17 nəfərin iştirak etdiyini, onlardan 11 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Qazaxbəyli kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Qazaxbəyli kəndində əkin sahəsinin 251 hektardan 342 hektara çatdırıldığını söyləyib.
Rayon rəhbəri qeyd edib ki, Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir. Rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayonda mövcud olan beton üzlüklü, eləcə də torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. 2022-2023-cü ildə 174,50 km-i texnika, 155,10 km-i əl əməyi ilə olmaqla 329,60 km məsafədə təmizlik işlərinin aparıldığını söyləyib. Qazaxbəyli kəndində 8,7 km əl əməyi, 6.0 km texnika ilə olmaqla, 14,7 km suvarma arxlarında təmizlik işləri aparıldığını və işlərin davam etdirildiyini qeyd edib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə əhalinin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onların arasında Vətən müharibəsi iştirakçısı və şəhid ailələri olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Qazaxbəyli kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyandan da danışıb. Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq gənclərimizi cəmiyyətin bu bəlasından qorumaq üçün məqsədyönlü işlər görüldüyünü, xüsusilə də gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qazaxbəyli kəndində görülən işlərə, bağçada gələcəyimiz olan uşaqlar üçün yaradılan şəraitə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Ayvazova Mətanət Osman qızının kənddə SİP kabel xətlərinin çəkilişinin davam etdirilməsi, Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin yaxınlığında yerləşən 400 KVA transformatorun ətrafına dəmir torun çəkilməsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri səslənən məsələnin diqqətdə saxlanılacağını, həssaslıqla yanaşılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini bildirib.