Qazaxda icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirilib
“Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!”.
Ölkə Prezidenti İlham Əliyevin hər zaman çıxışlarında səsləndirdiyi bu fikri hər bir dövlət məmuru iş fəaliyyətinin tərkib hissəsi hesab etməlidir. Çünki bu gün dövlət siyasətinin əsasını Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı təşkil edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir sahədə hiss olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, rayonda vətəndaş məmnunluğuna hər zaman önəm verilir.
Aprelin 22-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda da bu barədə söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçıları salamlayıb, keçirilən iclasın əhəmiyyətindən söz açıb. İcra başçısı müstəqil ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsini vətəndaş amilinin təşkil etdiyini bildirib. Rayon rəhbəri icra nümayəndələrinə və bələdiyyə sədrlərinə ölkə Prezidentinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutaraq bundan sonra da öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını əsas götürmələrini, vətəndaş məmnunluğunu təmin etmələrini söyləyib. Vətəndaşların etdikləri müraciətlərə həssaslıqla yanaşmalarını, həlli istiqamətində lazımi addımlar atmalarını qeyd edib.
Görüşdə icra başçısı son illər Qazaxda şəhərin mərkəzində aparılan quruculuq işlərindən söz açaraq bu işlərin rayonun kəndlərində də həyata keçirilməsini, davam etdirilməsini bildirib, bu istiqamətdə müvafiq tapşırıq və tövsiyələrini verib.