Qazaxda iri heyvandarlıq təsərrüfatı sahiblərinin iştirakı ilə iclas keçirilib
Bu gün ölkəmizdə qeyri-neft sektoru dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan addımlar, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək sayəsində ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının durmadan inkişaf etməsi bunu söyləməyə əsas verir. Xüsusən də kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə kimi həm işsizliyin aradan qaldırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı sahə olması hər zaman əsas götürülür. Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə Prezidentinin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı da hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq.
Son illər Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin, o cümlədən heyvandarlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Rayonda ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının mütəmadi olaraq sahibkarlarla, kəndli fermerlərlə, təsərrüfat adamları ilə görüşməsi, onların qayğıları ilə maraqlanması söylədiklərimizin bariz nümunəsidir.
Aprelin 23-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında icra aparatının məsul əməkdaşlarının, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə rəhbərlərinin, Sudan İstifadəedənlər Birliklərinin rəhbərlərinin, iri heyvandarlıq təsərrüfatı sahiblərinin iştirakı ilə keçirilən iclas da rayonda kənd təsərrüfatının, onun tərkib hissəsi olan heyvandarlığın inkişaf etdirilməsi istiqamətində atılan nümunəvi addımlardandır.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Alı Hüseynov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov da iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən iclasın məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri bugünkü tədbirin əsas məqsədinin heyvandarlıq sahəsində olan mövcud vəziyyəti öyrənmək, heyvandarlığın önəmli sahə olduğunu nəzərə alaraq bu sahənin inkişafı ilə bağlı görülmüş işləri, görülməsi nəzərdə tutulan tədbirləri müzakirə etmək olduğunu qeyd edib. İcra başçısı bildirib ki, ölkə başçısının da səsləndirdiyi kimi, qeyri-neft sektorunun, kənd təsərrüfatının, heyvandarlığın inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının, heyvandarlığın inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının, heyvandarlığın inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının, heyvandarlığın inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında, heyvandarlıqda əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərildiyini söyləyib. Son illər rayonda əkin sahələrinin bir neçə dəfə artdığını, taxılçılığın, kartofçuluğun inkişaf etdirildiyini, heyvandarlığın yem bazasının təmin olunması üçün yonca sahələrinin genişləndirildiyini diqqətə çatdırıb. Son illər xırdabuynuzlu heyvanlarda artımın müşahidə olunduğunu söyləyib. Rayonda sakinlərin su təminatı ilə bağlı görülmüş işlərdən söz açan icra başçısı bu gün rayonda hər biri işlək vəziyyətdə olan 214 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb, heyvandarlığın inkişafı istiqamətində nümunəvi tədbirin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. İ.Orucov ölkəmizdə dövlət tərəfindən iri və xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, brusellyoz və digər xəstəliklərə qarşı aparılan peyvəndlənmə işlərindən söz açıb. Xüsusilə də brusellyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirlərinin davam etdirildiyini söyləyib. “Azərbaycan Respublikasının 2025-ci il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na əsasən brusellyoz xəstəliyinə görə epizootoloji şəraitin öyrənilməsi ilə bağlı südlük istiqamətili iribuynuzlu heyvanlarda seroloji monitorinqlərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq məktubuna əsasən Agentliyin Qazax-Tovuz Regional bölməsinin inzibati ərazisində yerləşən təsərrüfatlarda monitorinqlərin keçirildiyini, monitorinqlər zamanı Qazax rayonu ərazisində yerləşən heyvandarlıq (fərdi və fermer) təsərrüfatlarında olan südlük istiqamətli iribuynuzlu heyvanlardan Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları tərəfindən diaqnostik qan nümunələrinin götürüldüyünü və müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunduğunu bildirib. İ.Orucov tədbirdə təsərrüfat sahibləri tərəfindən tövlələrin dezinfeksiya olunması, heyvanların gəmiricilərə qarşı çimizdirilməsi məsələsinə də toxunub, bu işin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək keçirilən iclasın əhəmiyyətindən söz açaraq rayon rəhbərliyinə razılığını ifadə edib. E.Vəkilov heyvandarlıqda süni mayalanma ilə bağlı görülmüş işlərdən, bu sahədə əldə olunmuş uğurlardan söz açaraq 2024-cü ildə 274 baş iribuynuzlu heyvanda aparılmış süni mayalanma nəticəsində 167 baş bala alındığını, onların hər birinin elektron kənd təsərrüfatı informasiya sisteminə işlənildiyini, yeni doğulmuş balalarda birkalanmanın təmin edildiyini söyləyib. 2025-ci ilin 3 ayı ərzində 80 baş iribuynuzlu heyvanda süni mayalanmanın aparıldığını, cins tərkibinin dəyişdirilərək 57 baş bala alındığını diqqətə çatdırıb. E.Vəkilov heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən fermer təsərrüfatının genişləndirilməsi, dövlət tərəfindən tətbiq olunan güzəştli şərtlərlə heyvanların alınması sahəsində edilmiş müraciətlərə həssaslıqla yanaşıldığını, fermerlərə bu sahədə hər cür dəstək göstərildiyini, mütəxəssislər tərəfindən təsərrüfatlara yerində baxış keçirildiyini və onların lazımi sənədlərlə təmin edildiklərini qeyd edib. E.Vəkilov istər bitkiçilik, istərsə də heyvandarlıqla məşğul olan qabaqcıl fermerlərlə mütəmadi olaraq görüşlər keçirildiyini, onları narahat edən məsələlərin öyrənildiyini, təkliflərinin dinlənildiyini və həlli istiqamətində lazımi addımların atılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını vurğulayıb.
Tədbirdə həmçinin ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə görülmüş işlər müzakirə olunub. Ölkədə heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Səmimi söhbət əsasında keçən görüşdə təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb, onların təklif və tövsiyələri dinlənilib.