Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda işğaldan azad edilmiş kəndlərdə mina təhlükəsizliyi ilə bağlı məcburi köçkünlər və sakinlərlə növbəti maarifləndirici görüş olub

04 sentyabr 2024 | 18:14

"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!“.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev.

Bəli, ölkə başçısının söylədiyi kimi oldu. Müzəffər Ali Baş Komandanın qətiyyəti, iradəsi, uğurlu siyasəti nəticəsində 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixləri xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına daha bir əlamətdar hadisə ilə yazıldı. Ölkə rəhbəri xalqımıza, qazaxlılara daha bir şanlı qələbə sevincini bəxş etdi. Bu, o qələbədir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olundu, mayın 15-də müvafiq protokol imzalandı, mayın 24-də isə Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü. Bu, dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri oldu. Azərbaycan xalqı olaraq qazanılan qələbələrimizə, zəfərlərimizə, bütün nailiyyətlərimizə görə bu gün də, sabah da, gələcəkdə də hər zaman Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olacağıq. 

Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq işləri yaxın zamanda Qazaxın işğaldan azad edilmiş kəndlərində də həyata keçiriləcək. Həmin kəndlər də yenidən qurulacaq, yeni evlər, infrastrukturlar inşa olunacaq, çoxsaylı layihələr icra ediləcək, sakinlər yaxın zamanda doğma yurdlarına qayıtmağın sevincini yaşayacaqlar. Hazırda isə işğaldan azad olunmuş torpaqlarda minalardan təmizlənmə işləri həyata keçirilməkdədir. Bu müddət ərzində mina təhlükəsizliyi tədbirlərinə əməl etmək hər bir vətəndaşın borcudur və üzərinə böyük məsuliyyət düşür.  

Sentyabrın 4-də Qazax şəhəri Hüseyn Arif küçəsi 2,3,4,5 (Hərbi şəhərcik), Bakı küçəsi 1,2,2A saylı çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərlə, məcburi köçkün və hərbçi ailələri ilə olan görüşlərdə də məhz bu mövzu ətrafında maarifləndirici söhbət aparılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov və Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevlə birlikdə adı çəkilən ərazilərdə olub, sakinlərlə işğaldan azad edilmiş kəndlərdə mina təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb.

İcra başçısı Rəcəb Babaşov məcburi köçkünləri, uzun illər Vətən həsrəti çəkən sakinləri doğma kəndlərinin qaytarılması münasibətilə bir daha təbrik edib, səmimi ürək sözlərini səsləndirib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandanın uğurlu siyasətinin məntiqi nəticəsi olaraq Qazaxın 4 kəndinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan geri qaytarılmasını dövlətimizİn və ölkə başçısının növbəti qələbəsi, zəfəri kimi dəyərləndirib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə göstərdiyi dövlət qayğısından söz açan icra başçısı bu qayğının bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. 

Sakinlərlə olan görüşlərdə minaların təmizlənməsi ilə mübarizənin təkcə Qarabağ və Şərqi Zəngəzur istiqamətində deyil, eyni zamanda, danışıqlar yolu ilə geri qaytarılan Qazaxın 4 kəndində də aparıldığı bildirilib. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində kəndlərin xeyli sayda mina və partlamamış hərbi sursatlardan təmizləndiyi vurğulanıb. Çıxış edənlər sakinlərə işğaldan azad olunmuş dörd kənddə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan tam təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu, bu məsələdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıblar.

Görüşlərdə həmçinin, rayon rəhbəri vətəndaşları narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Keçidlər