Qazaxda işğaldan azad edilmiş kəndlərdə mina təhlükəsizliyi ilə bağlı məcburi köçkünlər və sərhəddə yaşayan sakinlərlə maarifləndirici görüş keçirilib
Bu gün də qürurla səsləndiririk ki, "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdı. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixləri xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması, mayın 15-də müvafiq protokolun imzalanması, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri oldu. Xalq olaraq qazanılan qələbələrimizə görə bu gün də, gələcəkdə də hər zaman Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olacağıq.
Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndləri də yenidən qurulacaq, yeni evlər, infrastrukturlar inşa olunacaq, çoxsaylı layihələr icra ediləcək, sakinlər yaxın zamanda doğma yurdlarına qayıdacaqlar. Hazırda isə işğaldan azad olunmuş torpaqlarda minalardan təmizlənmə işləri həyata keçirilməkdədir. Bu müddətdə mina təhlükəsizliyi tədbirlərinə əməl etmək hər bir vətəndaşın ən ümdə işi olmalıdır.
Sentyabrın 3-də Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə, sərhəddə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərində yaşayan sakinlərlə keçirilən görüşlərdə də məhz bu mövzu ətrafında maarifləndirici söhbət aparılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov və Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevlə birlikdə Qazaxbəyli kəndində yerləşən Yeni qəsəbədə, sərhəddə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərində olub, sakinlərlə işğaldan azad edilmiş kəndlərdə mina təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb.
İcra başçısı Rəcəb Babaşov Yeni qəsəbədə yaşayan məcburi köçkünləri, uzun illər Vətən həsrəti çəkən sakinləri doğma kəndlərinin qaytarılması münasibətilə bir daha təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti sayəsində Qazaxın 4 kəndinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan geri qaytarılmasını dövlətimizin və onun rəhbərinin növbəti qələbəsi kimi qiymətləndirib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bu qayğının bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.
Rayon rəhbəri və digər çıxış edənlər minaların təmizlənməsi ilə mübarizənin təkcə Qarabağ və Şərqi Zəngəzur istiqamətində deyil, həm də danışıqlar yolu ilə geri qaytarılan Qazaxın 4 kəndində də aparıldığını qeyd ediblər. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində kəndlərin xeyli sayda mina və partlamamış hərbi sursatlardan təmizləndiyini vurğulayıblar. Çıxış edənlər sakinlərə işğaldan azad olunmuş dörd kənddə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan tam təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıblar.