Qazaxda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Biz birlikdə güclüyük” adlı veloyürüş təşkil edilib
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi gənc nəslin dövlətçilik düşüncəsinin formalaşdırılması, hüquqi şüurun yüksəldilməsi və vətəndaş məsuliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dekabrın 21-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə rayonun məktəbliləri və gənclərin iştirakı ilə qoruğun dünya əhəmiyyətli abidəsi olan Damcılı mağara düşərgəsinə 5 km məsafədə “Biz birlikdə güclüyük” şüarı altında ümumilikdə, 70-ə yaxın iştirakçının qatıldığı veloyürüş təşkil edilib.
Yürüşün əsas məqsədi gənclər arasında Konstitusiya dəyərlərinin, dövlət suverenliyinin və milli birlik ideyasının təbliği, sağlam həyat tərzinin təşviqi, eyni zamanda Damcılı mağara düşərgəsi kimi mühüm tarixi-mədəni irs nümunəsinin tanıdılması olub.
Veloyürüşdə Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları Ceyhun Rüstəmov, Aqil Alıcanov, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı-məsləhətçisi Tural Mustafayev, Qoruğun əməkdaşları iştirak ediblər.
Veloyürüş zamanı iştirakçılar əvvəlcə Qazax rayonunun Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla anıblar. İgid Vətən oğullarının uyuduğu xiyabandan yürüşə start verilib.
Yürüşün sonunda iştirakçılara qoruğun “Damcılı” filialında slaydlar vasitəsilə ətraflı məlumat təqdim edilib, qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.
Tədbirin yekununda iştirakçılara Sertifikatlar təqdim olunub, veloyürüş çay süfrəsi ətrafında səmimi ünsiyyət şəraitində başa çatıb.







