Qazaxda “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda təqdimat keçirilib
Oktyabrın 6-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qazax rayonunda “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda təqdimat keçirib.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xidmətin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunda böyük məsləhətçi Fariz Hüseynli, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, mədəniyyət işçiləri, “Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri, könüllülər, Gənclər evi sosial xidmət müəssisəsinin gəncləri iştirak ediblər.
Qazax Gənclər Evində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb, Qazaxda tarixi abidələrimizin qorunmasına həsr olunmuş tədbirin keçirilməsinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyinə razılığını ifadə edib. Rayon rəhbəri ölkə Prezidenti tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə bağlı imzaladığı Sərəncamın dahi şəxsiyyətin yubileyinə ən böyük töhfə olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. İcra başçısı Ulu Öndərin bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara hər zaman qayğı ilə yanaşdığını, diqqət ayırdığını, hakimiyyətdə olduğu 1993-2003-cü illərdə yüzlərlə mədəniyyət işçisini mükafatlandırdığını, təltif etdiyini, fəxri adlar verdiyini söyləyib. Ümummilli Liderin fəaliyyəti dövründə tariximizə, tarixi abidələrimizə hər zaman böyük qiymət və dəyər verdiyini qeyd edərək dahi şəxsiyyətin tarixi abidələrimizin qorunması, inkişaf etdirilməsi, bütün dünyada tanıdılması, gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyni diqqətə çatdırıb. İcra başçısı Ulu Öndərin bu sahəyə olan qayğısının bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini vurğulayıb. Heydər Əliyev Fondu tərəfindən tarixi abidələrimizin, mədəni irsimizin qorunması, bərpa olunması sahəsində məqsədyönlü işlər görüldüyünü qeyd edib. Rayon rəhbəri 30 illik işğal dövründə mənfur düşmənimiz olan ermənilərin tarixi abidələrimizə, mədəni irsimizə də ziyan vurduğunu bildirib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-nin məhv edildiyini, 2-nin isə yarı dağıdılmış vəziyyətdə olduğunu söyləyib. Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində bütün azad olunmuş ərazilərin, ən əsası da tarixi abidələrimizin, bütövlükdə, mədəni irsimizin də bərpa olunduğunu, müasir texnologiyalar əsasında yenidən qurulduğunu diqqətə çatdırıb. İcra başçısı tarixi abidələrlə zəngin olan Qazax rayonunda keçirilən bugünkü tədbirin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq sonda bir daha təşkilatçıya minnətdarlıq edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sazın, sözün beşiyi sayılan, Qərbin qapısı kimi tanınan, eyni zamanda, tarixi abidələri ilə zəngin olan Qazaxda olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. İlk növbədə tədbirin təşkilində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. S.Hacıyeva bütün bölgələrimiz kimi, Qazax rayonunun tarixi abidələrlə zəngin olduğunu, burada eramızdan əvvəl III minilliyə aid olan Baba Dərviş, məşhur Damcılı, Didivan, Göyəzən, xristian dövrünə aid alban abidələrinin, eləcə də bir çox tarixi abidələrin olduğunu söyləyib. Keçirilən tədbirin əhəmiyyətindən söz açan S.Hacıyeva bugünkü görüşdə əsas məqsədin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin gördüyü işləri, mühafizə etdiyi, qoruduğu tarixi abidələri təqdim etmək olduğunu bildirib. S.Hacıyeva minilliklər, əsrlər boyu əcdadlarımız tərəfindən qorunub bu günümüzə kimi gətirilən tarixi abidələrimizi gələcək nəsillərə ötürmək üçün hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Vətəndaş olaraq hər birimizin tarixi abidələrimizə qayğı ilə yanaşmalı, abidələrimizin qorunması, bərpa olunması, ən əsası da tanıdılması istiqamətində görülmüş işlərə töhfə verməli olduğumuzu qeyd edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunda böyük məsləhətçi Fariz Hüseynli “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda təqdimatı təqdim edib. F.Hüseynli təqdimatın “Mədəni irsimiz milli kimliyimizdir”, “Dövlət Xidmətinin fəaliyyət istiqamətləri”, “Qazax rayonunda yerləşən tarixi abidələr”, “Abidələrin qorunması və istifadəsi dayanıqlı inkişafın təminatı kimi” bölmələrdən ibarət olduğunu bildirib. F.Hüseynli qeyd edib ki, dövrümüzə qədər gəlib çatan abidələr hazırda dövlətimiz tərəfindən çox qiymətli nümunələr kimi qorunur. Bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi diqqət göstərirlər. Ölkə başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpa-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir. Natiq çıxışı zamanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin qorunması, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrindən istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olduğunu söyləyib. Qeyd edib ki, hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş, yəni reyestrə daxil edlimiş 6308 abidədən 4331-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektlərin mühafizəsinə nəzarət edir. Birbaşa nəzarətin həyata keçirilməsi işi Dövlət Xidmətinin 5 regional idarəsi vasitəsilə təmin edilir. Dövlət Xidmətinin tabeliyində həmçinin, 13 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan biri Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun ümumdünya irs siyahısına daxil olmaqla, həm yerli, həm də xarici turistlərin daim diqqət mərkəzindədir. “Qobustan” Milli Tarixi-Bədii Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Gəncə” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Qəbələ” Dövlət Tarix-Bədii Qoruğu, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Quba Soyqırımı Memorial Kompleksi”, “Nardaran” Tarix Mədəniyyət Qoruğu, “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix- Mədəniyyət Qoruğu, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Zaqatala” Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir. F.Hüseynli Qazax rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş 113 tarix-mədəniyyət abidəsinin olduğunu bildirib. Əhəmiyyət dərəcəsinə görə dünya əhəmiyyətli 3 (memarlıq 1, arxeoloji 2), yerli əhəmiyyətli 58 (arxeoloji 6, memarlıq 41, dekorativ-tətbiqi sənət nümunələri (Xalq daş heykəltaraşlıq) 5, bağ-park, monumental və xatirə 6), ölkə əhəmiyyətli 52 (memarlıq 3, arxeoloji 48, bağ-park, monumental və xatirə 1) abidə olduğunu diqqətə çatdırıb. Sınıq körpü, Baba Dərviş yaşayış yeri, Damcılı mağara düşərgəsi, Didivan qülləsi, Qazax Müəllimlər Seminariyasının binası, İsrafil ağanın hamamı kimi abidələrin Qazaxın mədəni irsini zənginləşdirdiyini qeyd edib. Hazırda Qazax Müəllimlər Seminariyasının ADA Universiteti tərəfindən “Bir müəllimin manifesti” layihsi çərçivəsində yenidən qurularaq ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərdiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin Qazax filialının “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının dosenti, Sənətşünaslıq elmləri doktoru İmaş Hacıyev çıxış edərək bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarında, tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi dərindən mənimsəmələrində mühüm rol oynadığını qeyd edib. Bu cür tədbirin təşəbbüsünə və təşkilinə görə başda rayon rəhbərliyi olmaqla, təşkilatçılara minnətdarlığını bildirib. İ.Hacıyev “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkiatçılığı ilə “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda intellektual yarış keçirildiyini, həmin yarış iştirakçılarının Qazax, Tovuz və Şəmkir rayonlarında olan tarixi abidələrə ekskursiyasının təşkil olunduğunu söyləyib.
Sonda gəncləri, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, təklif və tövsiyələr dinlənilib.