Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Mədəni irsimizin qorunmasında Heydər Əliyevin rolu” başlıqlı tədbir keçirilib

07 may 2024 | 19:00

Mayın 7-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssislərinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Mədəni irsimizin qorunmasında Heydər Əliyevin rolu” başlıqlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Hüseynzadə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi Xəlil İbrahimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə baş mütəxəssislər, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax rayonu üzrə mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.  

Tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları Ulu Öndərə həsr edilmiş kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb, Ulu Öndərin mədəni irsimizin qorunmasında əvəzsiz xidmətlərindən bəhs edib. C.Hüseynova bildirib ki, danılmaz həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini, bütün həyatını Azərbaycanın yüksəlişinə qurban etmiş, təkcə maddi deyil, həm də mənəvi inkişafın, milli özünüdərkin, milli oyanışın təşəkkülünün memarı və təşəbbüskarı olmuşdur. Onun siyasi fəaliyyəti fonunda digər sahələrdə olduğu kimi, mədəniyyət, milli tarixi köklərə bağlılıq üçün də apardığı uzaqgörən mükəmməl siyasət Azərbaycanın müasir tarixində dərin və silinməz izlər buraxmışdır. Xalqımız qədim tarixə malik zəngin mədəniyyətə malik bir xalqdır. Bu tarixi zənginlik bu gün memarlıq abidələrimizdə, maddi mədəniyyət nümunələrimizdə yaşamaqdadır. Məhz bu baxımdan Ulu Öndər hakimiyyətinin hər iki dövründə milli şüurun formalaşmasında, milli mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirib və bu istiqamətdə böyük sistemli işlər görüb. Tarixi yerlərin müəyyən hissələrinin qoruqlara keçirilməsi, bərpası, qorunması, mühafizəsi, onların tarixi görkəminə xələl gəlmədən restavrasiyası və s. bu kimi işlər onun gərgin zəhmətinin bəhrəsi idi. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbbüskarı, ilhamverici qüvvəsi və təşkilatçısı olmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Hüseynzadə çıxış edərək bildirib ki, Azərbaycan xalqı qədim tarixə və zəngin mədəniyyətə malik olan bir xalqdır. Bu tarixi yaddaş əsrlərdən bəri qorunub saxlanmış memarlıq abidələrində yaşayır, xalqın, millətin mənəviyyatını özündə əks etdirir. XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin inkişafı və nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət və qayğı bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirirdi. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi Xəlil İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan xalqının bir neçə əsrə malik olan mədəniyyəti, mədəni irsi vardır. Müstəqil Azərbaycan özünün zəngin milli-mədəni irsini qoruyub saxlayan, gələcək nəsillərə ötürən ölkə kimi şərq sivilizasiyasının mərkəzi hesab olunur. Eyni zamanda, milli mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Heydər Əliyevin adı və imzası danılmazdır. Çünki Ümummilli Lider Heydər Əliyev bu sahədə inqilabi addımlar atmış və milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın, dövlət quruculuğumuzun mühüm atributu hesab etmişdir.  

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisi Səadət Aliyeva Qazax rayonunda yerləşən tarixi abidələr və mədəni irsimiz haqqında geniş məlumat verərək bildirib ki, rayonumuz tarixin bütün dövrlərinə aid abidələr, maddi-mədəniyyət nümunələri, zəngin mədəni irs ilə zəngindir. Bu mədəniyyət nümunələri xalqımızın daşlaşmış yadigarları, xalqımızın tarixini, təfəkkürünü, yaşam tərzini keçmişdən bu günə, bu günümüzdən gələcəyə ötürən qiymətli vasitələrdir. Rayonumuzda 112 tarixi abidə qeydiyyata alınıb, bunlardan 3-ü dünya əhəmiyyətli, 46-sı memarlıq, 54-ü arxeoloji, 7-si monumental və 5-i dekorativ sənət nümunəsidir. Bütün bu tarixi abidələrin mühafizəsi, qorunması biz mühafizəçilərin ən ümdə vəzifəsidir. Çünki şərəfli və keşməkeşli tarixi keçmişimizi özündə yaşadan bu mədəniyyət nümunələri gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək bildirib ki, Dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımızın milli–mənəvi dəyərlərinin qorunub saxlanması, mədəni irsinin yaşadılması və təbliği Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ədəbiyyat və incəsənət xadimlərinə keçirilən yubileylər, onlara verilən adlar, bərpa olunan abidələr, teatr, muzey, mədəniyyət sarayları və s. bu sahəyə olan diqqət və qayğının bariz təzahürüdür.  

Tədbir Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında musiqili kompozisiyanın səsləndirilməsi ilə sona çatdırılıb. 

Keçidlər