Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılır

06 may 2025 | 16:41

Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, "Dini radikalizmin fəsadları", “Məişət zorakılığına qarşı mübarizə” mövzularında silsilə maarifləndirmə tədbirləri keçirilir. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.

Mayın 6-da Tədbirlər Planına uyğun olaraq qeyd olunan mövzular ətrafında Qazax rayon İsmayıl Şıxlı adına Kosalar, Alı Mustafayev adına Qazaxbəyli, Alı Əliyev adına Hüseynbəyli və Canalı kənd tam orta məktəblərin direktorları, psixoloqları, yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsində Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Bəhruz Zamanov, DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. K.Cəfərova çıxışı zamanı narkomaniyanın fəsadları, onunla mübarizə yolları, psixoaktiv maddələrin fiziki və psixoloji təsirləri, narkotik vasitələrdən istifadənin risk amilləri, asılılığın yaranma mərhələləri, eləcə də antinarkotik təbliğatın cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib. O, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində rayonda keçirilən müxtəlif tədbir və layihələrdən danışıb. Keçirilən bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini məktəblilərin diqqətinə çatdırmaq olduğunu qeyd edib. O, yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. K.Cəfərova narkomaniya, erkən nikah və onların cəmiyyət üçün yaratdığı fəsadları, erkən nikaha daxil olma kimi neqativ halların ağır nəticələrini, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasını diqqətə çatdırıb. Məişət zorakılığı və onun qorunma yolları, psixoloji dəstək, auditoriyaya antisosial mühitdən qorunmağın psixoloji yolları barədə geniş məlumat verib. K.Cəfərova qeyd edib ki, bu gün ölkəmizdə narkomaniyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət göstərilir. Xüsusilə, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işlərinin daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. K.Cəfərova ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən də danışıb. Qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik. 

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan, insan həyatına mənfi təsirindən söz açaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Natiq qeyd edib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaqdır. Həmçinin, şagirdləri belə neqativ meyillərdən çəkindirmək, onların təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir. İdarə rəisi narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin, xüsusilə də gələcəyimiz olan gənclərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini iştirakçıların diqqətinə çatdırıb. O, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdən danışıb. İdarə rəisi məktəblilərə sağlam həyat tərzi sürmək üçün asudə vaxtlarını səmərəli keçirmələrini, idmanla məşğul olmalarını tövsiyə edib. Bunun üçün rayonda Qazax Olimpiya İdman Kompleksinin, idman məktəblərinin fəaliyyət göstərdiyini vurğulayıb.

Qazax Rayon Polis Şöbəsində Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Bəhruz Zamanov mövzu haqqında geniş məruzə edib. Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən B.Zamanov hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb. Natiq narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyini, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Gələcəyimiz olan gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.

DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov öz çıxışında narkotik vasitələrin zərərlərindən, bu bəlaya düçar olan şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və sağlam gəncliyin formalaşmasında ən mühüm amillərdən birinin də narkomaniya ilə mübarizə olduğunu diqqətə çatdırıb. Din sahəsində mövcud olan problemləri, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri diqqətə çatdıran natiq bu sahə ilə bağlı fikirlərini bölüşüb. O.Həsənov zaman-zaman Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələrin qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd etdiklərini bildirib. Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu söyləyən natiq bu kimi hallara qarşı mübarizədə hər bir ölkə vətəndaşının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Müasir dövrümüzdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya və dini radikalizmə qarşı mübarizədə maarifləndirici görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 

Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb.  Buna görə də gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. 

Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına, bu sahəni daim diqqətdə saxlayan rayon rəhbərliyinə məktəb kollektivləri adından minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edən məktəb direktoru mövzu ətrafında fikrini bölüşüb. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Həmçinin, məktəblilərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu söyləyib. Yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə, ölkənin sağlam gəncliyi olaraq yetişməyə, formalaşmağa çağırıb.  

Görüşdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını qeyd ediblər. Prezident İlham Əliyevin dinə və dindarlara qayğısından bəhs edən natiqlər dini radikalizmin cəmiyyətə və gənclərə olan mənfi təsirlərindən, bu cür meyllərin qarşısının alınmasının vacibliyindən danışıblar. Çıxış edənlər radikal ideologiyalara qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətini vurğulayıb, ailə, məktəb və cəmiyyətin bu istiqamətdə birgə fəaliyyətinin önəmini qeyd ediblər. Bugünkü tədbirin həm də əsas məqsədi gənclərin dini radikalizmə qarşı immunitetini gücləndirmək, onları düzgün və sağlam düşüncəyə yönləndirmək olub.

Tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb.

Keçidlər