Qazaxda məktəblilərin iştirakı ilə maarifləndirici tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq məktəblilərin iştirakı ilə narkomaniyaya qarşı mübarizə məqsədilə silsilə tədbirlər keçirilir.
Növbəti maarifləndirici tədbir oktyabrın 31-də Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin akt zalında keçirilib. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, "Erkən nikah və onun fəsadları", "Dini radikalizmə qarşı mübarizə" mövzularında keçirilmiş psixoloji maarifləndirmə tədbirinə Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı, Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı və Aşağı Əskipara kənd tam orta məktəblərin yuxarı sinif şagirdləri qatılıblar.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, DTX Qazax Rayon İdarəsinin əməkdaşı Nurlan Əzizov, Daş Salahlı Polis Bölməsinin rəis əvəzi Murad Hüseynzadə, Qazax Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı Turxan Məmmədov, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, adı çəkilən məktəblərin direktorları, psixoloqları, yuxarı sinif şagirdləri, valideynlər iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbiri giriş sözü ilə açaraq məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərindən söz açmaq, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaq olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq keçirilən bugünkü tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edib. K.Cəfərova çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da söz açıb. K.Cəfərova həmçinin, hər il ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı”nın elan edildiyini diqqətə çatdırıb. Aylığın keçirilməsində əsas məqsədin uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması olduğunu bildirib. Hər il aylıq çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirlərinin keçirildiyini söyləyib. Bugünkü tədbirin də sözügedən aylıq ərəfəsində təşkil edildiyini və böyük əhəmiyyəti olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu, narkotik asılılığının ailə və uşaqlarda travmalar yaratdığını, sosial, fizioloji, psixoloji problemlərin narkoloji-psixoloji xəstəliklərə səbəb olduğunu vurğulayıblar. Çıxış edənlər yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ətraflı məlumat verməklə, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər. Çıxışlarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin arxasında sağlam gənclik formalaşdırmağın, yetişdirməyin dayandığı vurğulanıb. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyi qeyd olunub. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğu, gələcəyimiz olan uşaqlara, gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmaları tövsiyə edilərək bu məsələdə daha həssas olmaları bildirilib.
Sonda Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Nərminə Namazova çıxış edərək məktəblilərlə maarifləndirici tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə və iştirakçılara məktəb kollektivlərinin adından dərin minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Həmçinin, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu söyləyib. Yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.
Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.