Qazaxda məktəblilərin iştirakı ilə maarifləndirici tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə” mövzularında mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.
Qeyd olunan mövzular ətrafında növbəti belə tədbir mayın 22-də Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbdə təşkil olunub. Tədbirdə Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı, Səməd Hacıyev adına Orta Salahlı və Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbət aparılıb.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsində Kibercinayətkarlığa qarşı mübarizə qrupunun baş əməliyyat müəvəkkili, polis polkovnik-leytenantı Amil Hacıyev, DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodisti Məhəmməd Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, adı çəkilən məktəblərin direktorları, psixoloqları, şagirdləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini məktəblilərin bir daha diqqətinə çatdırmaq olduğunu qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. K.Cəfərova narkomaniya, erkən nikah və onların cəmiyyət üçün yaratdığı fəsadlardan və antisosial mühitdən necə qorunmağın yolları barədə geniş məlumat verib. O, çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb. K.Cəfərova ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən də danışıb. Qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik.
Qazax Rayon Polis Şöbəsində Kibercinayətkarlığa qarşı mübarizə qrupunun baş əməliyyat müəvəkkili, polis polkovnik-leytenantı Amil Hacıyev çıxış edərək narkotik asılılığının törətdiyi fəsadlardan, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan, məhvə aparan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə ətraflı məlumat verib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. A.Hacıyev gələcəyimiz olan uşaqlara, gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.
DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov öz çıxışında narkotik vasitələrin zərərlərindən, bu bəlaya düçar olan şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və sağlam gəncliyin formalaşmasında ən mühüm amillərdən birinin də narkomaniya ilə mübarizə olduğunu diqqətə çatdırıb. Din sahəsində mövcud olan problemləri, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri diqqətə çatdıran natiq bu sahə ilə bağlı fikirlərini bölüşüb. O.Həsənov zaman-zaman Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələrin qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd etdiklərini bildirib. Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu söyləyən natiq bu kimi hallara qarşı mübarizədə hər bir ölkə vətəndaşının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Müasir dövrümüzdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya və dini radikalizmə qarşı mübarizədə maarifləndirici görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyətinin dini etiqad, vicdan azadlığının təmin edilməsi olduğunu qeyd edib. E.Allahverənov Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyevin dinə və dindarlara qayğısından bəhs edən natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu söyləyib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodisti Məhəmməd Cəfərov çıxış edərək narkomaniya və zərərli vərdişlərlə, erkən nikah, məişət zorakılığı və dini radikalizmlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq bu sahəni daim diqqətdə saxlayan rayon rəhbərliyinə məktəb kollektivləri adından minnətdarlığını bildirib. Qeyd edilən mövzularla bağlı mübarizə aparmağın həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. Həmçinin, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu söyləyib. Yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.
Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb. Buna görə də gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə səsləyib.
Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.