Qazaxda “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib
Azərbaycanın düşmənin hərbi təcavüzünə məruz qalmış, hakimiyyətdaxili çəkişmələr, ağır sosial-iqtisadi böhranla qarşılaşmış ölkənin bütün bunları aradan qaldıracaq liderə ehtiyacı var idi. Xalq əmin idi ki, Azərbaycanı düçar olduğu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli çağırışı ilə Bakıya gəldi. Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.
İyunun 6-da “Heydər Əliyev İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən tədbirdə bu barədə danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov və digər tədbir iştirakçıları filialın foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini böyük ehtiramla yad ediblər. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayt nümayiş olunub.
Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbiri BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə açaraq tədbirdə iştirak etdiyinə, filiala həmişə diqqət və qayğı göstərdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından öz dərin minnətdarlığını bildirib. 15 İyun - Milli Qurtuluş Günü barədə danışaraq qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanı faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi və həmin tarixi gün Milli Qurtuluş Günü kimi tarixə düşdü. Bildirib ki, 15 iyun tarixinin Azərbaycan dövlətçiliyinin xilas günü olduğunu xalqımız bir an olsun belə unutmur və Müstəqil Azərbaycanın təməl daşlarının məhz həmin gündə qoyulduğunu böyük minnətdarlıq hissləri ilə xatırlayır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, professor-müəllim heyətini əlamətdar gün – 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan xalqı dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününün 30 illiyini böyük qürur və fəxarət hissi ilə qeyd edir. İcra başçısı qeyd edib ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Ulu Öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi. Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Ulu Öndər 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə edilməsi istiqamətində mühüm addımlar atdı. Ümummilli Lider işğal altında qalan torpaqlarımızın gec-tez düşməndən azad olunacağına əmin idi. Azərbaycanın dövlət quruculuğunda və idarəçiliyində bütün sahələr üzrə daim inkişaf və tərəqqiyə aparan nəhəng işlərin memarı və qurucusu olan Heydər Əliyev ölkənin iqtisadi potensialının yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edirdi. Bu baxımdan Ümummilli Liderin hər zaman aktual olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası onun həyata keçirdiyi dövlət quruculuğu siyasətinin mərkəzində dururdu. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə çox ciddi iqtisadi islahatlara başlanıldı. İlk növbədə iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ən əsası iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan 1994-cü ildə investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Lakin Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı. 2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev qarşıda dayanan vəzifələri açıqlayaraq belə bir çağırışı səsləndirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir. Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan Ordumuz nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Bu möhtəşəm Qələbəmiz ermənilərin uzun illər ərzində yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki, güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlayıb. Torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişafın, Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksələn Azərbaycan daha böyük gələcəyin geniş üfüqlərinə doğru addımlamaqdadır. İcra başçısı bildirib ki, bu əlamətdar gündən ötən 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Belə ki, son 30 ildə Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Rayon rəhbəri artıq üç ildir ki, Azərbaycan xalqının Qurtuluş Gününü əsl bayram əhval-ruhiyyəsi ilə qeyd etdiyini söyləyib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmiş, ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. İcra başçısı bildirib ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.
İcra başçısı Rəcəb Babaşov çıxışının sonunda tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bir daha təbrik edib, hər kəsə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.
Tədbirdə filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda məruzə ilə çıxış edib. İctimai və təbiət fənləri kafedrasının müəllimi Həqiqət Mehdiyeva “Heydər Əliyev və müasir Azərbaycan”, Riyaziyyat və informatika kafedrasının baş müəllimi Sevinc Əmiraslanova “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti”, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli “Ədəbiyyatımızın əbədi dostu”, riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi İlahə Osmanova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxış ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir çərçivəsində filialda keçirilən yaz semestrinin imtahan sessiyasının gedişatı ilə tanış olub, tələbələrin imtahanlara necə hazırlaşmaları ilə maraqlanıb.