Qazaxda Mülki müdafiə üzrə 2025-ci ilin yekunu və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı metodiki toplanış keçirilib
Dekabrın 11-də Mülki müdafiə üzrə 2025-ci ilin yekunu və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı metodiki toplanış keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, icra aparatının digər məsul şəxsləri, FHN Gəncə Regional Mərkəzi Mülki Müdafiə İdarəsi Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, rəis müavini, mayor Etibar Məmmədov, idarə, müəssisə və təşkilatların əməkdaşları, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Bələdiyyələr iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov qeyd edib ki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, - deyən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülüb. A.Hümbətov ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdən danışıb, bu sahədə mülki müdafiə sisteminin danılmaz rolu olduğunu söyləyib. A.Hümbətov rayonun mülki müdafiə sahəsində 2025-ci tədris ilinin yekunları və 2026-cı tədris ilində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2025-ci ildə Qazax rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda illik mülki müdafiə Tədbirlər Planı əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması məqsədilə mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir. 2025-ci ildə rayonun təsərrüfat obyektlərinin (idarə, müəssisə və təşkilatların) mülki müdafiəyə hazırlanmasında əsas məqsəd - əhalinin və işçilərin ehtimal olunan fövqəladə hadisələrdən mühafizəsinin təşkili, mülki müdafiənin təbliği, əhalinin fövqəladə hadisələrdən mühafizəyə hazırlanması, rayon ərazisində ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ olaraq aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin daimi hazırlığının təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin tövsiyələrinə əsasən müvafiq tədbirlər həyata keçirilmişdir. A.Hümbətov vurğulayıb ki, 2026-cı ildə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasında əsas məqsəd mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması, mülki müdafiə qərargahlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin fövqəladə hallardan qorunması sahəsində maarifləndirmə işinin gücləndirilməsi, eləcə də fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsidir.
FHN Gəncə Regional Mərkəzi Mülki Müdafiə İdarəsi Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, Bakı Dövlət Universitetinin Qazax filialında müəllim, mülki müdafiə qərargahının rəisi Oqtay Mahmudov, “Arkoz Qazax Sement Zavodu” MMC mülki müdafiə qərargahında mütəxəssis Əfqan Allahverdiyev, FHN Gəncə Regional Mərkəzi Mülki Müdafiə İdarəsi Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Etibar Məmmədov çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







